1 2 3 4 5 6 7 8 9 ... 16

III F ə s i l - K. Bünyadzadə Şərq və Qərb

səhifə6/16
tarix05.10.2017
ölçüsü2.52 Mb.

III F ə s i l


Ort a əsr

Qərb və Şərq fəlsəfə təfəkkürünün inkişaf qanunauyğunluqları kontekstində

irrasional təfəkkür




Əgər Vahid ola­nın dərkini… onun ən gö­zəl saflığı və ucalığında nəzərdən keçirtmək istəyirlirsə məhəm­mə­di­lərə mü­raciət etmək lazımdır.
Hegel
Qərb və Şərq təfəkkürlərinin istinad mənbələri, inkişaf qanunauyğunluqları, oxşar və spesifik xüsusiyyətləri fəlsəfə tarixinin aktual mövzularından biri, bəlkə də birincisidir. Bu qanunauyğunluqda irrasional təfəkkürün də öz rolu və inkişaf xətti mövcuddur, istər başqa fikir formaları ilə sintezdə, istərsə də müstəqil şəkildə. Bu baxımdan, irrasional təfəkkürün inkişaf tarixinin öyrənilməsi ümumiyyətlə fəlsəfə tarixinin nisbətən az öyrənilmiş səhifələrinə işıq salmaq deməkdir.

Orta əsrlər hər iki regionun fəlsəfi təfəkküründə əhəmiyyətli dövrdür. Belə ki, qədim ənənənin davam etdiyi digər bölgələrdən (məs. Cin və Hindistandan) fərqli olaraq həm Qərbdə, həm də Yaxın Şərqdə yaranmış yeni səmavi dinlər – xristianlıq və islam – insanların düşüncəsinə, əxlaqına, həyat tərzinə, ümumiyyətlə dünyagörüşünə güclü təsir göstərmiş, fəlsəfi təfəkküründə yeni istiqamətlərin qərarlaşmasına imkan yaratmışdır. Maraqlıdır ki, bir çox fəlsəfi sistemlər, nəzəriyyələr məhz Orta əsrlərdə təşəkkül tapmış, bəziləri isə rüşeym halında da olsa filosofların baxışlarında özünü göstərmiş və sonralar digərləri tərəfindən inkişaf etdirilərək sistemləşdirilmişdir.

Xristian və islam dinlərinin yaranma tarixi arasında zaman fərqi təqribən 7 əsr olsa da həm Qərbdə, həm də Şərqdə fəlsəfi təfəkkürün formalaşması və inkişafı arasında müəyyən paralellər aparmaq, hər iki bölgədə oxşar inkişaf qanunauyğunluqları müşahidə etmək mümkündür. Onu da əlavə edək ki, müqayisəli təhlil vasitəsilə həmçinin irrasional təfəkkürün bölgələrə məxsus xüsusiyyətlərini araşdırmış və bununla da şərqli və qərbli təfəkkürlərinin mahiyyətini açıqlamış olarıq.

Dinlərin yaranması və fəlsəfi təfəkkürə təsiri nəticəsində təşəkkül tapmış və formalaşmış dünyagörüşlərinin, fəlsəfi cərəyanların inkişaf proseslərini nəzərdən keçirərkən onlarda, bəzi spesifik cəhətlər istisna olmaqla, təqribən eyni mərhələləri müşahidə etmək mümkündür:



              1. Xristian və islam dininin təşəkkülü və onun dünya fəls­əfi fikirləri ilə qarşılaşması dövrü: dinin özünümüdafiəsi və dini doqmaların fəlsəfi terminlərlə təhlili.

              2. Xristian və islam fəlsəfəsinin sistemləşməsi və qarşılıqlı təsiri dövrü.

              3. Dinin fəlsəfədən ayrılması: fəlsəfi təfəkkürdə elm və texnikanın həlledici qüvvəyə çevrilməsi və ya dinin yenidən hakim mövqe tutması dövrü.

Hər dövrü ayrılıqda şərh edərək mövzumuza müvafiq olaraq bu dövrdə irrasional təfəkkürün inkişaf xəttinə də nəzər salaq.

Xristian və islam dininin təşəkkülü

və onun dünya fəlsəfi fikirləri ilə qarşılaşması dövrü


Hər şeydən əvvəl qeyd edək ki, dinlərin yaranma tarixləri arasındakı zaman fərqi böyük olduğundan (təqr. 7 əsr) bu dövrün konkret müddətini təyin etmək çətindir. Qərbdə o, təqribən III – VIII əsrləri, Şərqdə isə VII – X əsrləri əhatə edir.

Səmavi dinlərin nazil olması artıq kifayət qədər inkişaf yolu keçərək zəngin irsə malik fəlsəfi düşüncəyə güclü təsir göstərmiş və yeni istiqamət vermiş oldu. Əvvəla, yeni bilik mənbəyi – Müqəddəs Kitab meydana gəldi. Bu bilik mənbəyi açıq hikmətləri öyrətməklə yanaşı ezoterik elmlərə də imkan açır, onların əhəmiyyətini vurğulayırdı. İkincisi, peyğəmbərin şəxsiyyəti həm cəmiyyətin, həm də ayrılıqda fərdlərin həyatında bir nümunəyə çevrildi. İnsan fenomeninə müxtəlif aspektli yanaşmalar yarandı: İnsan Allahın ən aşağı və ən günahkar məxluqudur, İnsan – Allah kəlamıdır, İnsan – Allahın yer üzündə xəlifəsidir (Quran 2/30; 38/26), İnsan – İlahi əmanətin daşıyıcısıdır və nəhayət, İnsan – Yaradanın özüdür. Üçüncüsü, dinlər insanın irrasional idrak forması üçün həm bir zəmin yaratdılar, həm də ona yeni vasitə və metodlar təklif etdilər. Bunların nəticəsi idi ki, Orta əsrlərdə irrasional təfəkkür daha da geniş vüsət aldı.

Müqəddəs Kitablar bir növ insanın «Allaha imanının tarixidir: ilk yarandığı gündən Qi­yamətə qədər, yəni insan oğlunun yaranışı və inkişafında, çiçəklənməsi və tənəz­zü­lü­n­də onun vahid Allaha imanının rolu təsvir olunur, imanın əhəmiyyəti dönə-dönə vurğulanır. Bütün bu «ta­rix» boyu dəyişən cəmiyyətlər, millətlər, quruluşlar, dəyişməyən isə yalnız Allah və Ona iman olmuşdur» [4, 72]. Eyni zamanda, din tarixindən məlum olduğu kimi, din bəşəriyyətin həyatında ikili rola malikdir: zahiri və mənəvi. Əgər birinci halda din cəmiyyəti və ya dövləti idarə etmək vasitəsi, xalqı itaətdə saxlamaq üçün bir «opium»dursa, ikinci halda o, insanın mənəvi aləminə, təfəkkür və əxlaqına həqiqi iman vasitəsilə güclü təsir göstərən, ona ülvi və saf ideyalar aşılayan bir dünyagörüşü formasıdır.

Din tarixinin və fəlsəfəsinin tədqiqinin nəticəsində belə qənaətə gəlmək olar ki, nazil olan Müqəddəs Kitabla xalqın anladığı, qanunlarına riayət etməyə çalışdığı Kitab arasında müəyyən fərqlər mövcud olmuş və bu fərqlər daha çox dinin peyğəmbərinin - İlahi Kəlamın daşıyıcılarının vəfatından sonra meydana gəlməyə başlamışdır. Məsələ burasındadır ki, əvvəllər peyğəmbərin özü tərəfindən şərh edilən Müqəddəs mətnlər sonralar insanlara peyğəmbərin varisləri hesab edilən alimlər – peyğəmbərlərə yaxın olan şəxslərin təfsirləri vasitəsi ilə çatdırılmışdır. Təbii ki, prinsiplərin şərhləri onların ağıl süzgəcindən keçməli olmuş və peyğəmbərin zamanından uzaqlaşdıqca şərhlər arasında ziddiyyətlər də artmağa başlamışdır və bu fakt özünü müxtəlif fəlsəfi cərəyanlarda, dünyagörüşlərində göstərmişdir. Xristianlıqda bu «vəzifəni» daşıyanlar əvvvəlcə həvarilər, daha sonra onların tələbələri və s., İslamda isə əshabələr, daha sonra tabiinlər və digərləri olmuşdur. Bu səbəbdən, dinlərin təşəkkülü və ilk inkişaf mərhələlərində yaşayıb yaratmış mütəfəkkirlərin əksəriyyətinin din xadimi olması heç də təəccüblü görünmür.

Qeyd olunan dövr Qərb fəlsəfəsində Patristika (Patres ecclesiae - Kilsə papalarının fəlsəfəsi) adı ilə məlumdur və bu dövrdə fəlsəfi düşüncədə iki istiqamət fərqləndirmək olar: ortodoksol dini təfəkkür və dini-mistik (irrasional) təfəkkür.

Xristianlığın ilk mərhələlərində yeni dini güclü təzyiq, təqib və təhriflərdən qorumaq məqsədi ilə din xadimləri onun tarixini və ehkamlarının şərhini və s. müdafiə xarakterli mövzuları ehtiva edən apologiyalar yazırdılar və ortodoksal dini təfəkkür əsasən bu çərçivədə inkişaf edirdi. Bununla yanaşı, bildirdiyimiz kimi, fəlsəfi düşüncə özü də zəngin bir irsə (Qədim Yunan fəlsəfəsi nəzərdə tutulur) – malik idi və bu, öz təsirini göstərməyə bilməzdi. Din xadimlərinin bu irsə mövqeyi birmənalı olmamışdır. Bəziləri onu kəskin şəkildə rədd etdiyi halda (məsələn, Asurlu Tatian (II əsr)), digərləri Platonun, stoyaçıların əsərləri ilə tanış olur və xristianlığı bu işıqda anlamağa və anlatmağa çalışırdılar. Məsələn, həmin dövrdə maraq kəsb edən fikirlərdən biri ilahiyyatçı-filosof Laodikiyalı Apollinara (390) məxsusdur: «Məsih – insan cildində Loqosdur, yəni təzahür etmiş ilahi əqldir» [98]. Dövrünün görkəmli mütəfəkkirlərindən olan Samariyalı İustin (II əsr) də «İsada özünü göstərən Loqosun hər insanda toxum halında (loqos spermatikos) olması» [37, 126] fikrini müdafiə etmişdir. Yeri gəlmişkən, xatırladaq ki, Qurani Kərimdə də İsa Məsih İlahi Kəlam adlandırılır (Quran 3/45, 4/171 və s.). Patristika dövrünün birinci istiqaməti Müqəddəs Avqustinin (430) simasında özünün zirvəsinə çatdı. Lakin filosofun görüşlərinin mahiyyətini, ideya istiqamətlərini və məsələyə baxış prizmasını nəzərə alaraq onun dünyagörüşündə irrasional təfəkkürün də az əhəmiyyət daşımadığını iddia etmək olar. Bunu həmçinin böyük filosofun öz idrak prosesində rasional və irrasional, ağıl və iman arasında yüksək harmoniya tapa bilməsi kimi də xarakterizə etmək olar. Onu da əlavə edək ki, yuxarıda bildirdiyimiz kimi, din irrasional təfəkkürün inkişafı üçün çox əlverişli bir mənbə olmuşdur. Bu baxımdan, ortodoksal dinin ən görkəmli nümayəndələrinin görüşlərində irrasional notlarla qarşılaşmaq demək olar ki, təbii, hətta qanunauyğun bir haldır.

Patristika dövründə təşəkkül tapan ikinci istiqamət dini-mistik (irrasional) təfəkkürdür. Bu təfəkkür forması da zəngin irsə, qədimdən bəri uzanan bir inkişaf tarixinə malik olmuş, müəyyən dövrlərdə fərqli şəkillərdə təzahür etmişdir. Məsələn, xristianlığın ilk dövrlərində (III əsr) dini-mistik qnostisizm cərəyanı təşəkkül tapmağa başlamışdı. Din xadimləri tərəfindən bidət elan olunmasına və nümayəndələri ciddi təqiblərə məruz qalmalarına baxmayaraq qnostisizmin də məqsədi dinin əsl mahiyyətini və həqiqətini aşkarlamaq vasitəsilə xristianlığı qorumaq olmuşdur. Qnostisizmin fəlsəfə tarixində öz izini qoya bilmiş məşhur nümayəndələrindən İskəndəriyyəli Klemensin (215) və İskəndəriyyəli Oriqenin (253) adlarını xüsusilə qeyd etmək lazımdır.

Xristianlığın tarixindən məlum olduğu kimi, İskəndəriyyəli Kle­mens həm yunan fəlsəfəsinə, həm də qnostisizmə qarşı mübarizə aparan apo­loget Tertillianın (222) «Credo quia absurdum est» - ağıl dərk et­mə­diyi (absurd olduğu) üçün inanıram – anlayışı qarşısında «Credo ut in­telligam» – anlamaq üçün inanıram – anlayışını qoymuşdur. Ona görə, inan­maq bilməkdən əvvəl gəlməli, inanma həmişə bilmənin təməli olub ona yol göstərməlidir. …İnanılanı ağıl da qəbul etməlidir» [37, 127-128]. İskəndəriyyədəki Katexet xristian məktəbinin başında duran Kle­men­sini sonralar Oriqen əvəz etmiş və bu təlimi ən yüksək zirvəsinə çat­dır­mışdır. Lakin otuz illik fəaliyyətindən sonra platonçuluqda və qnos­tisizmdə günahlandırılıb bidətçi elan olunduğuna o, Fələstinə köçməyə məcbur olmuşdur.

İrrasional bilik haqqında məlumat verərkən onu da bildirmişdik ki, qnostisizm məhdud çərçivəli bir təlim olmuş və geniş miqyasda yayıla bilməmişdir. Təbii ki, irrasional təfəkkür qnostisizm hüdudlarından kənara çıxaraq öz inkişafını davam etdirmişdir.

Onu da bildirək ki, ortodoksal dinin nümayəndələri Tanrının varlığını, iradəsini gerçək aləmin yeganə yaradıcısı bilsələr də onların görüşlərində yaradılmışın Tanrı yanında heç bir dəyəri yoxdur və Yaradan-yaradılan arasında keçilməz sədd mövcuddur. Başqa sözlə desək, belə şəxslərin baxışlarında istiqamət, inkişaf yalnız alidən aşağıya doğrudur, aşağıdan yuxarı isə heç bir hərəkət, yüksəliş ola bilməz.

Onlardan fərqli olaraq irrasional təfəkkürlü mütəfəkkirlər öz iman­larını idrakları üçün bir vasitə edirdilər (Klemensin kəlamını xatırlayaq). Xristianlıqda insanın transendent Allaha qədər ucalmaq və irrasional təfəkkürü ilə ən ali zirvəyə – əbədiliyə çata bilmək imkanını ilk dəfə həvarilərdən Pavel irəli sürmüşdür. Onun fikrinə görə, «Tanrı sərbəst bir iradə, istəyi ilə insan olmuş, bununla da insana ölümdən qurtuluş yolunu açmışdır. Çünki insan ölüb yenidən dirilən İsa ilə bir olarsa, dolayısıyla onun taleyini yaşayarsa, onun kimi yenidən do­ğu­la­caq, ölümə qalib gələcək və bu, Tanrının İnsana bir lütfüdür» [37, 133].

İsa Məsihi İnsan kimi qəbul etməklə (Məsələn, Sa­mos­lu Pavel (IV əsr) və b.) kilsə nümayəndələri bir növ insanın varlığını, əhəmiyyətini, iradə sahibi olmasını və ucalıb Allaha yetişə bilmək imkanını təsdiqləyirdilər. Konstantinopol yepiskopu Ma­ke­doniyanın (361) adı ilə əlaqəli olan «ruh mübarizlərinin bidəti» – pnevmatomaxiya cərəyanı iddia edirdi ki, «təkcə Oğul deyil, Müqəddəs Ruh da yaradılmışdır və Ataya yalnız bənzəyirlər» [98]. Dövrünün ilk kütləvi cərəyanı hesab edilən, əsası iskəndəriyəli keşiş Ariy (336) tərəfindən qoyulmuş ariyanlığa görə, «Oğul Ata kimi əbədi deyil, Onun ali məxluqudur, yəni yalnız adına görə Allahdır, mahiyyətinə görə deyil» [98]. Onu da bildirək ki, İsa Məsihi Tanrının oğlu kimi deyil, kamil bir insan kimi təqdim etməklə qeyd olunan mütəfəkkirlər və ya cərəyanlar hər bir insanın aliliyini, daha böyük imkanlara qadir olmasını vurğulamağa çalışmışlar.

Sonrakı illərdə irrasional mövqe ayrı-ayrı mütəfəkkirlərin dün­ya­gö­­rüşlərində, əsərlərində də öz əksini tapırdı. Belə mütəfəkkirlərdən fəl­sə­fə tarixində əsasən mistik filosof kimi təqdim olunan Dionisiy Areo­pa­qitin (V əsr), Maksim İspovednikin (VII əsr) və b. adlarını çəkmək olar.

Dionisiy Areopaqitin Tək Yaradandan başlayan, ilahi məxluq­lar­dan keçib maddi məxluqlarda bitən yaradılış iyerarxiyası bir növ Mütləq Hikmətin açılışıdır. Bu, eyni zamanda, geriyə yəni maddidən ilahiyə bir yolun da mövcudluğuna dəlalət edirdi. Mütəfəkkir yazır: «İyerarxiyaya mənsub hər kəsin kamilliyi onun imkanı qədər Allaha bənzəməyə çalışmasındadır… imkanı qədər özündə ilahi fəaliyyəti görməkdir» [74].

M.İspovednik də hər insanın ilahi hikmətdən xəbərdar ola biləcəyini mümkün hesab edərək İlahi Kəlamın mahiyyətini belə şərh edir: «İlahi Loqos bütün dünyanın əvvəli və sonudur (məqsədidir), onu yaradan və müdafiə edən qüvvədir – bütün yaradılanların cəhdi və «hikmətinin» həddidir» [114]. Eyni zamanda, «sözün təzahürü Allahın yerə enişini tamamlayır və geriyə doğru hərəkətə imkan yaradır» [114]. M.İspovednik insanı – iyerarxiyada sonuncu məxluqun yaranışının məqsədini yalnız ilahi Kəlamdan xəbərdar olması ilə deyil, onun yaranışı ilə də izah edir: «Bütün əsrləri və xəlq olunmuş dünyanın yaranışından əvvəl tək iradəsi ilə bütün görünən və görünməyən məxluqatı yaradanın ən xoş niyyəti var: təzahürünə görə həqiqi bir vəhdətlə insan təbiəti ilə və insan təbiətini Özü ilə elə birləşdirmək ki, Özü bildiyi kimi insan olsun və insanı Özü ilə birləşdirməklə Tanrı etsin» [114].

Göründüyü kimi, mütəfəkkirlərin görüşlərində insan böyük günahdan təmizlənib ucalması üçün mahiyyətində olan və ümumiyyətlə bütün dünyanı əhatə edən İlahi Kəlamı anlamalıdır. Bunun nəticəsində o, İlahi Təbiətə – İsa Məsihə bənzəməyə, hətta Tanrının özü ola bilər.

İslam Şərqində də Peyğəmbərin (s.) vəfatından sonra vahid dini düşüncə bir neçə istiqamətə ayrıldı. Quranın mətnini və şəriət qa­nun­la­rı­nı araşdıran, Müqəddəs Kitabın, eləcə də Peyğəmbərin (s.) şəxsiyyətinin mənəvi, ruhi tərəfini öyrənən cərəyanlarla yanaşı siyasi ixtilaflar nəticəsində yaranan təlimlər də bu prosesdən kənarda qalmayaraq öz nəzəriyyələrini yaradırdılar. İslam dövlətinin əsasında Qurani Kərim ki­mi nüfuzlu və hərtərəfli bir «qanunlar» kitabı və cəmiyyətin bir üzvü olmuş, eyni zamanda seçilmiş təfəkkürə və imana malik Peyğəmbərin (s.) hədis və sünnələri dururdu. Bu səbəbdən də bölgədə təşəkkül tapmış dini və fəlsəfi məktəb və cə­rəyanlar məqsədindən asılı olmayaraq özünü təsdiqləmək, haqq qazandırmaq, təməl prinsiplərini əsaslandırmaq üçün ilk növbədə Quran və hədislərə istinad etməli idi.

Deyilənlərə müvafiq olaraq İslam Şərqində fəlsəfi düşüncəni şərti olaraq 3 istiqamətə bölmək olar: ortodoksal dini təfəkkür, Yunan fəlsəfəsinin təsiri ilə təşəkkül tapmış fəlsəfi təfəkkür və irrasional (dini – mistik) təfəkkür. O da mütləq əlavə olunmalıdır ki, hər üçü bir-birilə sıx əlaqədə olmuşlar və elə mütəfəkkirlər olmuşlar ki, onların hansı istiqamətə mənsub olması mübahisə doğura bilər.

Birinci istiqamətə hədisçiləri və dörd fiqh məktəbinin (hənəfilik, hənbəlilik, şafiilik və malikilik) nümayəndələrini aid etmək olar. Onların əsas fəaliyyəti Quran və hədislər vasitəsilə şəriəti izah etmək, Qurana təfsirlər yazmaq olmuşdur.

Həmin dövrün fəlsəfi düşüncəsinə bilavasitə təsir göstərən, ikinci istiqamətin təşəkkül tapıb formalaşmasında əsas rol oynayan amillərdən biri də Qədim Yunan fəlsəfəsi olmuşdur. Qərbdən fərqli olaraq Şərqdə bu təsir daha çox nəzərə çarpan və əhəmiyyətli dərə­cə­də olmuşdur. Bunu ilk növbədə IX əsrin əvvəllərində (830-cı ildə) Bağdadda yaradılan və antik filosofların əsərlərinin əksəriyyətini ərəb dilinə tərcümə edən «Beytu‘l-hikmə» ad­lı tərcümə mərkəzinin fəaliyyətilə əlaqələndirmək olar. Burada Qədim Yunan filosoflarının (ilk növbədə Aristotelin) əsərləri tərcümə edilməklə yanaşı onlara geniş şərhlər də yazılırdı. Dinin öz prinsiplərinə, demək olar ki, tamam yad bir hikmətlə qarşılaşması müxtəlif nəticələrə səbəb oldu: bəziləri dini bu yeni baxışlardan müdafiə etməyə çalışır, bəziləri dini prinsiplərə fəlsəfi terminlərlə yeni münasibət bildirir, bir növ dini fəlsəfiləşdirir, bir başqaları da fəlsəfi prinsipləri dini aspektdən araşdırır, fəlsəfəni diniləşdirirdilər. Bu, Qərbdən fərqli olaraq hikmətin yalnız din xadimlərinin fəaliyyət sahəsi olmaqdan kənara çıxmasına və başqa elm sahələrinin (tibb, astronomiya, riyaziyyat və s.) də inkişaf etməsinə səbəb oldu.

Qədim Yunan filosoflarının – Aristotelin, Plato­nun və digərlərinin əsər­lərinin İslam Şərqində sürətlə yayılması, eyni zamanda, başqa elm növlərinin inkişafı regionda rəylərin par­ça­lan­masına və iki­ bir-birinə zidd mövqenin forma­laş­ma­sına gətirdi: materialist və dini.

Materialist fəlsəfənin nümayəndələri daha çox Sokrata qədərki Yunan filosofla­rın­dan və digər fəlsəfi görüşlərdən təsirlənmişdirlər və bildirirdilər ki, «aləm bir yaradıcı tərəfindən deyil, başlanğıcsız olaraq özün­­dən var olmuşdur» [65, 56]. X əsrə qədər artıq bərahimə (brahmanizm), mülhid (inkar edən), tabiiyyun (tə­bi­­ətşünas), hissiyun (hiss orqanlarına inanan), zindiqlik, dəhriyyə (zamançılıq) kimi cərəyanlar yaranmışdı. Dövrün tanınmış təbiətçi filosoflarından Əbu‘l-Hüseyn Əhməd Ravəndinin (910) və Əbu Bəkr Məhəmməd Razinin (932) adlarını çəkmək olar.

Materialist filosoflar əsasən dini və Allahı peyğəmbərin (s.) dü­şün­cə­sinin məhsulu kimi inkar etməyə çalışsalar [65, 65] da ortodoks dinin gücü (həm fiziki, həm də elmi) və dinə əsaslanan İs­lam filosof­la­rı­nın dəlillərinin təzyiqi ilə bu cərəyanlar qısa müddətdə tənəzzülə uğradılar.

Qədim Yunan fəlsəfəsinin təsiri ilə dinin öz fəlsəfəsi (kəlam) də formalaşmağa başlamış və öz əksini gah bir-birinin ideyalarını davam etdirən (qədərilər, mötəzililər), gah qəti şəkildə inkar edən (cəbərilər, əşərilər) dini-fəlsəfi cərəyanların görüşlərində tapırdı.

Bu dövrdə İslam Şərqində kəlamdan başqa və sonralar bütün Qərb fəlsə­fə­si­nə güclü təsir göstərəcək bir fəlsəfi məktəb – məşşailik (peripatetik) fəlsəfəsi – də formalaşmağa başlamışdı. Fəaliyyətini tədqiq edəcəyimiz hər üç dövrü əhatə edən bu fəlsəfi cərəyan birinci dövrdə ilk dəfə Əbu Yusif Yaqub Kindinin (873) əsərlərində təşəkkül tapmağa başlamışdır və bu səbəbdən Kindi Şərqin ilk filosofu adlandırılmışdır. Ondan başqa, tədqiq etdiyimiz birinci dövrdə məşşailik həmçinin İxvan əs-Səfa (Saflıq qardaşları) (X əsr) adlı fəlsəfi cəmiyyətin ensiklopedik əsərlərində əks olunmuş, Əbu Nəsr Fərabinin (950) fəlsəfi görüşlərində isə artıq bitkin bir fəlsəfi sistem halına gəlmişdir. Lakin məşşailik fəlsəfəsi özünün zirvəsinə məhz ikinci dövrdə çatmış və məhz həmin vaxtlar geniş nüfuz və təsir qüvvəsi qazanmışdır.

İslam Şərqində fəlsəfi təfəkkürün üçüncü istiqaməti irrasional təfəkkürdür. Yuxarıda qeyd etdiyimiz kimi, fəlsəfi məktəb və cərəyanların yaranmasında siyasi motivlərin də müəyyən rolu olmuşdur. Bu təsir, təbii ki, özünü irrasional təfəkkürdə də göstərmişdir. Bunu nəzərə alaraq, irrasional mövqeli fəlsəfi dünyagörüşləri iki yerə ayırmaq olar: siyasi motivlər üzərində yaranmış və siyasi məqsəd daşıyan fəlsəfi cərəyanlar (şiəlik, ismaililik) və dinin öz mahiyyətindən doğan zərurətlə təşəkkül tapmış təfəkkür forması (təsəvvüf). Əgər birincilərdə irrasional vasitələr cəmiyyəti idarə üsulu və ya öz ideologiyalarının təsir gücünü artırmağa xidmət edirdisə, təsəvvüf dinin əsl mahiyyətini açıqlayan, insanlıq adını ucaldan və insanı öz Yaradanı ilə vasitəsiz ünsiyyətə çatdıran irrasional təfəkkürün özüdür. Sufi mütəfəkkir Sərrac Tusi (X əsr) hər elmin Allah Təalanın həqiqət aləminin müəyyən tərəflərini öyrəndiyini, «təsəvvüfün mənasının isə bu elmlərin mənasında, onların dəqiqliyində, həqiqətində» [149, 36] olduğunu bildirir. Bu səbəbdən, İslam Şərqində üçüncü istiqaməti təşkil edən irrasional təfəkkür deyəndə biz əsasən təsəvvüfü nəzərdə tuturuq.

Bəzi tədqiqatçılar təsəvvüfün irrasional xarakterini nəzərə alaraq onun əlamət­lə­rini İmam Əlidə, hətta Məhəmməd peyğəmbərdə (s.) belə axtarsalar da, məqsədi, kateqoriyaları bəlli bir dünyagörüşü kimi təsəvvüf təqribən VIII əsrin əvvəllərində təşəkkül tapmağa başlamışdır. İlk sufi adının kimə verilməsi barədə də müxtəlif mülahizələr vardır, lakin bütün rəylər əsasən üç şəxs ətrafında cəmlənmişdir: Əbu Haşim Sufi (765),1 Cabir Sufi ləqəbi ilə tanınan alim Cabir b. Həyyan (823) və sonralar Bağdada köçmüş Abduk (825); onlar hamısı Küfəli olmuşlar.

İlk sufilərdə daha çox zahidlik ön planda olmuşdur və bu fakta əsaslanan bəzi tədqiqatçılar bu dövrü zühd dönəmi adlandırır. Təsəv­vüfün zühddən daha geniş bir anlam olduğunu nəzərə alaraq biz nisbətən fərqli mövqedəyik. Bu dövrdə təsəvvüfün mə‘rifət, eşq, hal və məqam kimi bəzi prinsip və kateqoriyaları artıq ayrı-ayrı sufi mütəfəkkirlər tərəfindən irəli sürülmüşdü. Məsələn, Rabiə əl-Ədəviyyə (792) ilk dəfə ilahi eşq, Zu‘n-Nun Misri (859) – hallar və məqamlar, mə‘rifət, Əbu Səid Xərraz (IX) – fəna və bəqa hallarını təsəvvüf fəlsəfəsinə daxil etmişdilər. Yəni bu dövrdə bir növ təsəvvüfün nəzəri təməli hələ qurulmaqda idi.

IX əsrin sonu – XII əsrin əvvəllərində müxtəlif şəhərlərdə öz kamilliyi, halının və məqamının ucalığı ilə fərqlənən sufi mütəfəkkirlərin irəli sürdükləri mülahizə və prinsiplər get-gedə məktəb səviyyəsinə qədər yüksəlmişdi və artıq IX əsrdə Haris Mühasibi (857) və Səri Səqati (870) – Bağdad, Zu‘n-Nun Misri (859) – Misir, Əbu Yəzid Bistami (875) – Xorasan məktəblərinin əsasını qoymuşdular.

Deyilənlərlə yanaşı, o da qeyd olun­ma­lıdır ki, bu dövrdə yazılmış əsərlər ya şəxsi təcrübənin ifadəsi, ya da şeyxin öz müridlərinə nəsihət şək­lində olurdu. Bəzən müəyyən bir məsələ sufilərin məktublarında açıqlanırdı. Qısa desək, sufilər qarşılarına bu mənəvi təcrübə yolunun sistemli şərhini, nəzəriyyəsini təqdim etmək məqsədi qoymamışdılar.

Bu dövrdə həmçinin təsəvvüfün həqiqətinin açıq­lanması məqsədi ilə ilk dəfə X əsrdə Sərrac Tusi (988) tərəfindən yeni bir ənənənin başlanğıcı qoyuldu: sufi prinsiplərini izah edən sufi mütəfəkkirlərin fikir və mülahizələrini gə­ləcək nəsillərə çatdırmaq üçün toplayıb ümumi bir traktatda işıqlandırıldı. Ondan sonra bu ənənə Əbu Bəkr Kəlabazi (990), Əbu Talib Məkki (996) və digərləri tərəfindən davam etdirildi [Təsəvvüf tarixi haqqında geniş bax: 3, 169-181].

Beləliklə, göründüyü kimi, ilk dövr Qərb və Şərqdə fərqli zaman kəsiyində davam etsə də, demək olar ki, eyni inkişaf yolu keçilmişdir. Hər ikisində yeni din ilk növbədə özünümüdafiə və özünütəsdiq mərhələsi keçməklə yanaşı, həm də düşüncədə hakim mövqeni tutmağa başlayır. İkinci tərəfdən, varislik prinsipi özünü göstərir. Bu, həm qədim düşüncələrə yeni rəngin qatılması, həm də ehkamlara rasional baxışın yaranması deməkdir. Nəhayət, qədim köklərə malik, fərqli təqdimata, bəzi spesifikliklərə baxmayaraq mahiyyətcə dəyişməyən, ilk iki fikir formalarının özlərinə də təsir göstərən irrasional idrak bu dövrdə müstəqil fikir istiqaməti kimi formalaşmağa başlayır.

Xristian və islam fəlsəfəsinin sistemləşməsi

və qarşılıqlı təsiri dövrü


İlk dövrdə fəlsəfi düşüncənin sistemləşməsi və daha bitkin şəkildə təqdimi üçün kifayət qədər zəmin hazırlanmışdı. Həm Qərbdə, həm də Şərqdə dəyərli traktatlar yazılmış, böyük filosof və mütəfəkkirlər yetişdirəcək fəlsəfi məktəb və cərəyanlar yaradılmışdı.

Qərbdə sxolastik fəlsəfənin təşəkkülü və inkişafı ilə üst-üstə düşən bu dövr əsasən (IX – XVI əsrlər) Patristika fəlsəfəsinin sistemləşdirilməsi və əksər filosofların dünyagörüşündə bilginin imana qulluq etməsi ilə səciyyələnir. Bu dövr həmçinin Qərb fəlsəfəsinin İslam mütəfəkkirlərinin və onlar vasitəsilə Qədim Yunan filosoflarının əsərləri ilə daha yaxından tanış olması və bu faktorun Qərb fəlsəfi düşüncəsinə fərqli bir istiqamət verməsi ilə xarakterikdir. Hər nə qədər «heç kimsənin, heç bir xalqın malı olmayan, şəxsi olmayan, katolik kilsəsi çərçivəsində toplanmış bütün xristiyanların ortaq malı olan» bir «qapalı sistem» [37, 163] kimi xarakterizə edilsə belə, bir çox fəlsəfə tarixçisinin durğun, yekrəng təsvir etdiyi bu dövrdə əsasən üç fikir istiqaməti ayırmaq mümkündür: sxolastik, fəlsəfi və irrasional. Yeri gəlmişkən, xatırladak ki, təfəkkürün dini, yaxud fəlsəfi olması onun rasionallığının və ya irrasionallığının göstəricisi deyil.

Məlum olduğu kimi, Qərbdə sxolastik fəlsəfənin inkişaf tarixi tədqiqatçılar tərəfindən üç dövrə bölünür: təşəkkülü (IX-XIII əsrlər), yüksəlməsi (XIII-XIX əsrlər) və tənəzzülü (XIV-XVI əsrlər).

Bildirdiyimiz kimi, Patristika dövründə Yunan filosoflarından daha çox Platon oxunur və istinad edilirdi. Bu səbəbdən bəzən həmin dövrə «platonizm damğası» [37, 139] vururlar. Sxolastika dövründə Platon metafizikasının yanına başda Aristotel məntiqi olmaqla, Porfirinin, Evklidin, Siseronun əsərləri də əlavə edildi. Bu amil dini xarakter daşıyan bir istiqamətdə fəlsəfi xəttin yaranmasına və geniş yayılmasına gətirib çıxartdı. Digər məlum faktlardan biri də, qeyd etdiyimiz kimi, sxolastika fəlsəfəsində İslam filosoflarının əhəmiyyətli rol oynamasıdır. İslam Şərqində geniş vüsət almayan, İbn Rüşddən sonra demək olar ki, tənəzzülə uğrayan məşşailik Qərbdə böyük fikir rezonansına səbəb oldu. Kifayət qədər nüfuz sahibi olan və artıq sistemli bir ideologiyaya çevrilmiş xristianlıq (katolik kilsə) başqa fəlsəfi düşüncələrdən aldığı ideyaları öz fəlsəfəsinin sistemləşdirilməsində ustalıqla istifadə etmişdir. Bu işdə ən böyük xidmət, şübhəsiz, Böyük Albertə (1280) və Fo­ma Akvinskiyə (1274) aiddir. Belə ki, Böyük Albert ilk olaraq Aris­to­telin ideyalarını xristianlığın sistemləşməsi üçün istifadə etməyə çalışmışdır. Onun yo­lu­nu sonralar Foma Akvinski davam etdirmiş, Platon fəlsəfəsini də öz sisteminə əlavə etmişdir.

Bununla belə, istər İslam fəlsəfəsi, istərsə də Qədim Yunan fəlsəfsinin geniş məzmunu yalnız sxolastika çərçivəsində qala bilməzdi. Bu dövrdə təşəkkül tapmış fəlsəfi düşüncəni məşğul olduğu problemlərə əsasən iki istiqamətə ayırmaq olar: nominalizm və realizmin münasibəti və Allahın varlığının sübutu. Onu da qeyd edək ki, hər iki problemin həllində filosoflar məhz rasional vasitələrə istinad etmişlər. Buna səbəb, zənnimizcə, onların ilk növbədə istinad etdikləri Aristotel, İbn Sina və İbn Rüşd fəlsəfəsi olmuşdur. Bu dövr filosoflarından Anselm Kenterberiy­ski­nin (1109), Pyer Abel­yarın (1142), Şartr (1028), Sen Viktorian (1141), Sisterian mək­təblərinin (təqr. 1152), Latin averroizminin (1240 – 1281) nümayən­də­lərinin adlarını çəkmək olar.

Qeyd etdiyimiz kimi, tədqiq etdiyimiz dövrdə irrasional təfəkkür də müstəqil istiqamət üzrə inkişaf etmişdir. Hər şeydən əvvəl bildirək ki, bu dövrün xarakterik cəhətlərindən biri də bəzi filosofların dünya­gö­rüşlərində rasional və mistik təfəkkürün bir-birindən aydın şəkildə fərq­lənməməsi olmuşdur. Bunun bariz nümunəsi olaraq panteizmin növ­lərindən biri olan aristo­te­lçi panteizmi göstərmək olar. Bundan baş­qa, məsələn, keşiş Fulbert (1028) tərəfindən yaradılmış Şartr mək­tə­bi­nin nümayəndələri «yaradıcı qüvvə kimi təbiətin özünü görürdülər və bunu bədii şəkildə təqdim etməyi üstün tuturdular. Burada Qərbdə ilk dəfə olaraq ərəb dilin­dən latın dilinə tərcümə edilmiş antik atomçuların – Demokritin, Epikürün, Luk­ret­si­nin ideyaları öyrə­nilirdi» [88]. Onu da əlavə edək ki, Şartr məktəbinin iki ideya mənbəyi var idi: Platon metafizikası və Aristotel məntiqi. Şartr məktəbinin əleyhinə yaradılmış Sisterian məktəbinin nümayəndəsi Klervolu Bernar isə ra­sionalizmi ümumiyətlə rədd edib yalnız mistik düşüncəni qəbul etmişdir [88].

Onu da bildirək ki, mütəfəkkirlərin dünyagörüşlərində rasional və irrasional notların fərqlənməməsi, zənnimizcə, həm ümumiyyətlə həmin dövr filosoflarının Platon metafizikasına, həm də rasional və irrasional təfəkkürü öz görüşlərində mükəmməl şəkildə sintezləşdirən Avqustinə istinad etmələrindən irəli gəlmişdir. Sxolastika və mistikanın sintezinin əsas tərəfdarı kimi Paris yaxınlığında Şampolu Gilyom (XII əsr) tərəfindən yaradılmış Sen-Vik­to­ri­ya mistik məktəbini göstərmək olar. Onların bildirdiyinə görə, «elm ya maddi maraqlara qulluq edir, ya da Allaha sevgiyə gətirib çıxarır. Varlığı dərk etmənin üç üsulu var: birincisi, his­slər vasitəsilə əşyaların zahirini öyrənən təfəkkürlə; ikincisi, özünü, yəni öz ruhunu öyrənməyə istiqamətli anlam təfəkkürü ilə; üçüncüsü isə, ən ali üsul olan sezməklə – onun vasitəsi ilə Allahı intuitiv yolla dərk etmək mümkündür» [88].

Dünyagörüşlərində bu və ya digər dərəcədə irrasional təfəkkürdən istifadə edən, bütünlükdə isə rasional təfəkkürə üstünlük verən adı çəkilən fəlsəfi məktəblərin və nümayəndələri ilə yanaşı, sırf irrasional istiqamətdə düşünüb yazan mütəfəkkirlər, məktəb və cərəyanlar da fəaliyyət göstərmişlər.

İlk dəfə ilahi vəhy və əql arasında heç bir fərq qəbul etməyən, görüşlərində Dionisiy Areopaqit mistikasına istinad edən İoann Skott Eriuqena (877) bildirir ki, həqiqi din həqiqi fəlsəfədir və əksinə, birini inkar edən digərini də inkar etmiş olur. Mütəfəkkir var olan aləmin əslində Allahın təzahürü olduğunu iddia edir: «İnkişaf prosesi Allahdan dünyaya və əksinə gedir. Hər şeyin tək Allaha qayıtması Onun xarakterini açıqlayır. O, dörd pillədə açıqlanır:

1) yaradılmamış, eyni zamanda yaradan təbiət;

2) yaradılmış, eyni zamanda yaradan təbiət;

3) yaradılmış və yaratmayan təbiət;

4) yaradılmamış və yaratmayan təbiət.

Bununla da Allah bütün kosmosun əvvəli, ortası və sonu olur» [88]. Maraqlıdır ki, mütəfəkkir Allahın bütün keyfiyyətləri ilə bərabər, Onun Yaradan sifətini də yaradılmışa şamil edir. Bunu Yaradanın bir növ öz yaratdığı vasitəsilə yaradılmış dünyada fəaliyyət göstərməsi kimi də izah etmək olar. Eriuqenanın fikirlərində digər əhəmiyətli cəhət onun inkişaf prosesini Allahdan məxluquna olduğu kimi, məxluqdan da Allaha doğru yüksələ bilməsini vurğulamasıdır.

Həmin dövrün digər irrasional təfəkkürlü filosofları kimi Aristotel fəl­səfəsini panteist ruhda şərh edən Dinantlı Davidin (XII əsr) və Renessans dövründə təbiət fəlsəfəsi üçün zəmin yaratmış, «orta əsr təbiət mənzərəsini sarsıdan» [37, 194] Kuzanlı Nikolayın (1464) adlarını çəkmək olar.

Orta əsrlərdə xristianlığı «həm bidətçilərdən qorumaq, həm də həqiqi xristianlığı yenidən diriltmək məqsədi ilə» [37, 147] ispaniyalı Dominik (1221) və italiyalı Assisili Fransisk (1226) tərəfindən dominikan və fransiskan dini təriqətləri yaradıldı. Dominikan məktəbinin ən görkəmli nümayəndələri Böyük Albert və Foma Akvinskidir ki, təlimləri bu günə kimi katolik kilsəsinin rəsmi fəlsəfəsi hesab edilməkdədir. Onun kimi Fransiskan məktəbi də Avqustin fəlsəfəsinə istinad etməsinə baxmayaraq o, özünün mistik istiqaməti ilə fərqlənmişdir. Ən görkəmli nümayəndəsi kimi Qərb fəlsəfə tarixində ilahi nur haqqında daha sistemli görüş təqdim edən Bonaventuranı (1274) göstərmək olar.

Din fəlsəfəsinin sistemləşməsi dövründə İslam Şərqində fəlsəfi fikir daha mürəkkəb və zəngin inkişaf yolu keçmişdir və bu dövr bəzi fəlsəfə tarixciləri tərəfindən İslam Şərqinin Renessans dövrü kimi xarakterizə edilir. Təqribən XI-XIII əsrləri əhatə edən bir müddətdə əsasən məşşailik və təsəvvüf özlərinin fəlsəfi sistemlərini dünya fəlsəfə tarixinə daxil edə bilmişlər..

İslam filosoflarından İbn Sina (1037) və İbn Rüşd (1198) məşşa­i­li­yin inkişaf tarixində müstəsna rola malikdirlər. Buna səbəb həm onların fəl­səfi görüşlərinin daha sistemli təqdimi, həm də Qərb fəlsəfəsinə tə­sir­ləri olmuş­dur. Belə ki, məhz onların fəlsəfi sistemləri vasitəsi ilə qərb­li­lər Platon və Aristotel fəlsəfəsini daha dərindən tanıyıb dərk etmişlər.

Onu da qeyd edək ki, hər nə qədər İbn Sina məşşai filosof hesab edilsə də, onun fəlsəfi görüşlərində irrasional xətlər açıq-aşkardır və o, tez-tez təsəvvüf fəlsəfəsinin metodlarına müraciət etmişdir, bu səpgidə bir sıra qısa həcmli risalələr yazmışdır. Bundan başqa, bəzi mənbələrin verdiyi məlumata görə, ömrünün son illərində ümumiyyətlə «məşşailik yolundan ayrılaraq, özünün işraq adını verdiyi, həqiqətə mistik və təcrübi yanaşma istiqamətində kəskin bir arzu duydu» [37, 297]. Zənnimizcə, onun sufi ruhda yazdığı «Hayy b. Yəqzan» alleqorik əsəri məhz bu ideyaları ehtiva edən bir əsərdir.

İbn Sina həm Qərbdə, həm də Şərqdə çoxlu sayda davamçılar tapmış bir filosofdur. Onun təsiri ilə məşşailik fəlsəfəsi İslam Şərqinin Şərq bölgəsində – Azərbaycanda geniş yayılmağa başlamışdır. Burada fəaliyyət göstərən məşşai filosoflardan İbn Sinanın tələbəsi Əbülhəsən Bəhmənyar b. Mərzbanın (1066), onun tələbəsi Nəsirəddin Tusinin, Əsirəddin Əbhərinin və digərlərinin1 adlarını çəkmək olar.

İbn Sinadan fərqli olaraq İbn Rüşd İslam Şərqində deyil, əsasən Qərbdə daha çox həmfikirlər tapa bilmiş və Qərb fəlsəfəsində ayrıca fəlsəfi məktəb formalaşdıracaq qədər güclü təsir və nüfuza sahib olmuşdur. Tədqiqatçıların verdiyi məlumata görə, onun əsərləri orijinalda oxunmaqla bərabər tərcümə edilib yayılmış və «XII əsrin sonlarında Aristotelçiliyin Avropada canlanması ilə birlikdə o qısa zamanda yəhudi və xristian mütəfəkkirlər arasında şübhəsiz bir lider olaraq qəbul edilmişdir» [37, 278]. Burada onun davamçılarından Maymonidi (Musa b. Meymun), Siqer de Brabantı, Musa b. Tibbonu, Levi b. Gersonu, Böyük Alberti, Foma Akvinskini göstərmək olar.

Dövrün irrasional təfəkkürə malik cərəyanı kimi, yalnız İslam bölgəsində deyil, Qərbdə də böyük təsirə malik, bu dövrdə fəlsəfi sistem dərəcəsinə qədər yüksələ bilmiş təsəvvüfü göstərmək olar.

Mürəkkəb və çoxşaxəli bir dünyagörüşü kimi təsəvvüfün inkişaf xəttini iki istiqamətə ayırmaq mümkündür: nəzəri və praktiki.

Qeyd etdiyimiz kimi, təsəvvüf fəlsəfəsinin əsaslarını, prinsiplərini oxuculara aydınlaşdırmaq, onun əsl mahiyyətini şərh etmək və bununla da İslam dini ilə nəinki sıx əlaqədə olduğunu, hətta onun özək xəttini təşkil etdiyini sübut etmək məqsədi ilə hələ X əsrdə Sərrac Tusinin qoyduğu ənənə bu dövrdə daha geniş vüsət aldı və çoxsaylı traktatlar yazılmağa başladı. Bunların arasında Əbu Əbdürrəhman Süləminin (1021), Əbu Nüeym İs­fə­haninin (1038), Əbu‘l-Qasim Qüşeyrinin (1072) və Əbu Həsən Əli Hücvirinin (1077) əsərləri diqqətə layiqdir. Lakin bu işi daha yüksək səviyyədə və sistemli şəkildə Əbu Hamid Qəzali (1111) bacarmışdır. Fəaliyyəti tədqiqatçılar tərəfindən İslamla təsəvvüf arasında «barışdırıcı»lıq və ya təsəvvüfü «islamlaşdırmaq» missiyası kimi qiymətləndirilən mütəfəkkirin əsas xidməti, zənnimizcə, təsəvvüfün prinsiplərini geniş şərh etmək, onun İslamla üzvi surətdə bağlı olan həqiqətlərini olduğu kimi çatdırmaq olmuşdur.

Bildirdiyimiz kimi, bu dövrdə təsəvvüfün nəzəriyyəsi ilə yanaşı praktiki tərəfi də inkişaf etməkdə idi. Bu baxımdan, XII əsr həmçinin təsəvvüfün inkişaf tarixinin ən böyük mərhələsinin başlanması ilə səciyyələnə bilər. Təsəvvüfün ilk təşəkkül döv­rün­­də müxtəlif şəhərlərdə fəaliyyət göstərən su­fi məktəblərdən danışarkən onların ayrı-ayrı sufi prin­sip­lə­rinə üstünlük verdiklərinə görə bir-birlərindən fərqləndiklərini də qeyd etmişdik. Belə ki, Bağdad məktəbi şəthiyyat və ibadət, xorasanlılar qəlb və səxavət, bəs­rə­lilər zühd və qənaət, şamlılar həlimlik və səlamət, hicazlılar səbr və dözüm məsələləri ilə məşğul ol­maqları ilə səciyyələnirdilər [31, 5]. Gös­tə­ri­lən dövrdə bu ənənə daha da inkişaf etmiş, ayrı-ayrı şeyxlərin görüşləri müstəqil təlim səviyyəsinə qədər yüksəlmişdir. Əgər əvvəllər məktəblər daha çox onların mövc­ud olduğu məkanla (Bağdad, Xorasan, Misir və s. sufi məktəbləri) və məşğul olduqları məsələlərlə əlaqəli olurdusa, get-gedə şey­xin şəxsiyyəti, nüfuzu mərkəz nöqtəyə çevrilirdi (cüneydiyyə, qadiriyyə, həllaciyyə, rifailik və s.). Hər mək­təbin ədəb qaydalarında, müəyyən prin­sip­­lərində də özünəməxsusluqlar yaranmağa başlayırdı [Geniş bax: 3]. Sufilərin cə­miy­yət­dən ayrılaraq xüsusi qayda-qanunların, əxlaq normalarının hökm sürdüyü tikililərdə – xanəgah, təkkə, zaviyələrdə ya­şa­maq­ları haqlı olaraq onlara təriqətlər (yollar) adını qazandırdı. Onu da qeyd etməliyik ki, təsəvvüfün hələ ilk dövrlərində də müxtəlif təriqətlər mövcud olmuşdur. Lakin məhz bu dövrdə təriqətlər müstəqil şəkildə özünəməxsus prinsipləri, ədəb-əxlaq qaydaları, inkişaf və fəaliyyət istiqamətləri bəlli olan bir cəmiyyət, hətta institut halına gəldiklərinə görə, onu (dövrü) təriqətləşmə və ya təsəvvüfün parçalanma dövrü adlandırmaq olar.

İlk sufi təriqətlərin şeyxləri – pirləri görkəmli din xadimləri, İslam elmlərini dərindən mənimsəmiş, təsəvvüfdə ən ali mərtəbəyə yüksələ bilmiş şəxslər olmuşlar. Məsələn, Əbdülqadir Gilani (1166) qadirilik, Əhməd Rifai (1183) rifailik, Əhməd Yəsəvi (1166) yəsəvilik, Ə

bu‘n-Nəcib

Ziya əd-din Sührəverdi

(1168) sührəvərdilik, Mövlanə Cəlaləddin Rumi (1273) mövləvilik1 və s. təriqətlərin əsasını qoymuşlar.

Bütün bunlarla yanaşı, özünəməxsus prinsip və metodlara malik bir irrasional təfəkkür forması kimi təsəvvüfün bitkin və mahiyyətini bütünlüklə ehtiva edə bilən bir sistemə ehtiyacı var idi ki, bu da öz ifadəsini vəhdət əl-vücud nəzəriyyəsində tapdı. Hələ ilk sufi mütəfəkkirlərin (Mənsur Həllacın, Əbu Yəzid Bistaminin) görüşlərində əks olunan, XII əsrdə Eyn əl-Qüzat Miyanəcinin (1131) gələcəkdə isə isə Mühyiddin İbn Ərəbinin (1240) əsərlərində geniş və sistemli şəkildə şərh edilmiş bu nəzəriyyə sonralar İbn Ərəbinin tələbələri tərəfindən vəhdət əl-vücud kimi elmi ədəbiyyata daxil edilmişdir və bununla təsəvvüf tarixində yeni bir mərhələnin başlanğıcı qoyulmuşdur: dünya fəlsəfəsində daha çox təcrübə forması, bir həyat tərzi kimi tanınan təsəvvüf vahid bir fəlsəfi sistemə, mükəmməl bir nəzəriyyəyə malik irrasional təfəkkür kimi təqdim və təsdiq edilmişdir.

Bundan başqa, tədqiq etdiyimiz dövr həmçinin təsəvvüf zəminində daha bir fəlsəfi düşüncənin – işraqiliyin - təşəkkül tapması və sonralar fəlsəfə tarixinə müstəqil fəlsəfi sistem kimi daxil olması ilə səciyyələnə bilər.

Yalnız Şərqdə deyil ümumiyyətlə bəşər təfəkküründə yeni bir səhifə olmuş İşraqilik fəl­sə­fə­si, öz banisi Şihabəddin Sührəvərdinin (1191) bildirdiyi kimi, qədimdən bəri qopmayan silsilə ilə müx­tə­lif formalarda və şəxslərin simasında təzahür edən «nur el­mi»dir. Fəlsəfə tarixində daha çox müs­təqil bir fəlsəfə kimi təqdim edilən işraqiliyin tarixi və fəlsəfəsinin t­ədqiqi göstərir ki, o, tə­səv­­vüfün «nur» şəklində təzahürü, rasional və irrasional təfəkkürü özündə sintezləşdirən bir təfəkkür formasıdır.

Beləliklə, dövrün fəlsəfi mənzərəsinin qısa təqdimindən belə aydın oldu ki, dövrün rasional təfəkkürünün istiqamətini əsasən «yad düşüncə» – Qərbdə bu təsir Qədim Yunan və İslam fəlsəfəsi, Şərqdə isə Qədim Yunan fəlsəfəsi – təyin etmişdir. Bir faktı da vurğulayaq ki, məhz Qədim Yunan fəlsəfəsi ilə daha tez və yaxından tanışlıq İslam Şərqində fəlsəfi düşüncənin qısa müddətdə nəinki formalaşıb sistemləşməsinə, hətta onu özündən bir neçə əsr «böyük» Qərb fəlsəfəsinin istiqamətini təyin edəcək qüvvə səviyyəsinə qalxmasına səbəb olmuşdur.

Dövrün təhlilindən o da məlum oldu ki, Qərb və Şərq fəlsəfə tarixləri arasında müəyyən oxşarlıqlar müşahidə edilməkdədir. Bununla belə, əhəmiyyətli hesab etdiyimiz bir fərqə xüsusi diqqət yönəltməyi lazım bilirik. Rasional təfəkkürdə oxşarlıq və ya paralellik onların ya eyni mənbədən (Platon, Aristotel və b.) istifadə etməklərindən, ya da birinin digərinə (İslam fəlsəfəsinin Qərbə) təsirindən irəli gəlmişdir. Eyni sözləri tam mənası ilə irrasional istiqamət haqqında demək çətindir. Bəzi istisnalar olmaqla bir bölgənin irrasional təfəkkürünün digər bölgəyə təsiri barədə əlimizdə heç bir məlumat yoxdur. Bununla belə, Qərb və Şərq fəlsəfə tarixində irrasional təfəkkürün tədqiqindən belə məlum olur ki, hər iki bölgənin mütəfəkkirləri eyni problemləri tam oxşar olmasa da, yaxın tərzdə həll etməyə çalışmışlar. Bunu deməyə bizə əsas verən, IV fəsildə təqdim edəcəyimiz və əsasən ikinci dövrdə fəaliyyət göstərmiş filosofların dünyagörüşlərinin müqayisəli təhlilidir. Maraqlıdır ki, hər nə qədər irrasional idrakın fərdiliyindən və subyektivliyindən danışsaq da, müqayisəli təhlildə ortaya çıxan oxşarlıqlar danılmazdır. Lakin nəzərə alsaq ki, irrasional idrakın ilk mənbəyi Müqəddəs Kitabdır və bütün səmavi dinə etiqad edənlər eyni mənbədən nazil olan Kitabı oxuyurlar (Quran 2/113) və öz irrasional düşünmələrində Vahid Allahdan bilik alırlar onda müxtəlif bölgəyə məxsus mütəfəkkirlərin görüşlərindəki oxşarlıq təəccüb doğurmaz.

Nəhayət, onu da əlavə edək ki, məhz din fəlsəfəsinin, o cümlədən irrasional təfəkkürün sistemləşdiyi bir dövrdə bu oxşarlıq daha qabarıq və nəzərə çarpan olmuşdur.

:

files
files -> TəRCÜmeyi hal mirzəyeva Elmira Əmir qızı Az1116, Azərbaycan, Bakı, Süleyman Sani Axundov küçəsi 1v m 127
files -> Microsoft Word diplomatiya az doc
files -> Kapag ang Babaeng Mahal mo ay mayroong Maagang Kanser sa Suso
files -> Kolleg-14 juni-zch-affekt
files -> Hans J. Wulff Emotionen, Affekte, Stimmungen: Affektivität als Element der Filmrezeption. Oder: Im Kino gewesen, geweint (gelacht, gegruselt ) wie es sich gehört!


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iiinternationalscientific.html

iiiqd---azrbaycan-3.html

iiiqd---azrbaycan-8.html

iiiqdnmrli-azrbaycan-3.html

iiiqdnmrliazrbaycanrespub-13.html