1 2 3 4 5 6

III Fəsil: Planetimiz - Uşaqlar heç düşündünüz mü? 2 Göylərdəki ehtişam Harun Yəhya İçindəkilər Giriş I fəsil: Kainatın yaradılışı

səhifə4/6
tarix21.10.2017
ölçüsü328.91 Kb.

III Fəsil: Planetimiz


Bu fəsildə Planetimizi daha yaxından tanıyacaqsınız. Planetimizin formasının və səmadakı mavi boşluğun həyatımız üçün nə qədər əhəmiyyətli olduğunu öyrənəcəksiniz. Həmçinin daim gördüyünüz mükəmməl sistemləri, əslində Allahın bizim həyatımız üçün ən uyğun şəkildə yaratmış olduğu həqiqətini anlayacaqsınız.

Planetimizdə diqqətlə meydana gətirilmiş tarazlıqlar

Uşaqlar XVI əsrə, yəni bundan 500 il əvvələ qədər Dünyanın bir planet olduğu bilinmirdi. Ancaq bu tarixdə aparılan müşahidələr nəticəsində insanlar bu həqiqəti gördülər. Ötən 20-ci əsrdə isə Yerin Günəş sistemi içindəki yeri dəqiqləşdi. Bu tapıntılara görə Yer kürəsi, Günəşə olan uzaqlıq baxımından üçüncü, böyüklük baxımından isə beşinci böyük planetdir.

Yer kürəsinin dəmirdən bir nüvəsinin olduğu düşünülür. Mərkəzdəki temperaturun isə 7500⁰ C-yə qədər yüksəldiyi güman edilir. Bu, Günəşin səthindəki temperaturdan belə daha yüksək temperaturdur. Halbuki siz bu istiliyi heç hiss etmədən sinifdə müəlliminizi dinləyər və ya gecələri rahat-rahat yatağınızda yatarsınız. Çünki yer qabığı bu istiliyi keçirməz. Allah çox şəfqətlidir və üzərində yaşadığımız yer qabığını, istiliyin bizə gəlib çatmasına mane olacaq qədər qalın yaratmışdır. Bundan əlavə, Allah Dünyanın atmosferini də insanların yaşaması üçün, ən uyğun şəkildə yaratmışdır. Həmçinin bitkilərə bu tarazlıqdakı oksigen və karbon nisbətini sabit saxlamalarını təmin edən xüsusiyyətlər vermişdir.

Məhz bunlar və digər həssas tarazlıqlar Planetimizin insanların həyatı üçün ən uyğun şəkildə yaradıldığını göstərir.

Planetimiz, atmosferindən relyef formalarına, Günəşə olan məsafəsinə qədər, hər cür tarazlığıyla, tamamilə həyat üçün xüsusi olaraq yaradılmışdır. Məsələn, Planetimizi bir akvariuma bənzədə bilərik. Akvarium içindəki balıqların yaşamasına ən uyğun şərtləri təmin edər. Suyun isinməsini təmin edən termostat və havalanmasını təmin edən bir mühərrik, dibə qoyulan qum, suya atılan dərmanlar, akvariumun qoruyucu qapağı, suyu daimi şəkildə süzən filtr sistemi, azaldıqca yerinə qoyulan qidalar... Bütün bunlar, akvariumdaki balıqların yaşamasını təmin edər.

Amma akvariumun içindəki balıqların bu süni mühitdən xəbəri yoxdur. Onlar "təbii", yəni özlüyündə meydana gələn bir mühitdə yaşadıqlarını güman edəcəklər. Birinin qızdırıcını, suyun səviyyəsini, hava mühərrikini tənzimlədiyini bilməzlər. Suyun üzərində birdən meydana çıxan yemlərinin haradan gəldiyini də bilməzlər. Halbuki yemlərinin haradan gəldiyi məlumdur, akvariumun sahibləri onlar üçün lazım olan hər şeyi təmin edərlər.

Əlbəttə ki, Planetimizdəki həyat akvariumdaki həyatdan olduqca təfərrüatlı və olduqca həssas sistemlərə malikdir.

Ağıllı bir insan akvariumdakı balıqlar kimi heç nədən xəbərsiz yaşaya bilməz. Özü üçün "döşənmiş" Planetimizin bir Yaradıcısı və qaydaya salanı olduğunu anlayar. Şübhəsiz ki, Yer üzərindəki həyatı təmin edən bu həssas tarazlıqları və nizamı Allah yaratmışdır. Məhz ağıllı bir insan özünə bütün bu nemətləri verən Rəbbimizi tanımaq, Onun bizdən nələr istədiyini öyrənmək istəyər. Allah bütün insanlara göndərdiyi kitabı olan Quranda, bizə Özünü tanıdır və bizdən nələr istədiyini bildirir.

Şübhəsiz ki, Yer üzərindəki həyatı təmin edən bu həssas tarazlıqlar və nizam, Allah tərəfindən yaradılmışdır. Allah bu həqiqəti Quranda belə bildirir:

Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar istədikləri yerə gedə bilsinlər deyə, orada geniş yollar saldıq. Göyü mühafizə olunan bir tavan etdik... (Ənbiya surəsi, 31-32)

Dünya bizim yaşamağımız üçün olduqca həssas tarazlıqlarla yaradılmışdır. Bunu görən insan Allaha iman etməli, Onun sonsuz gücünü görə bilməli və özünə verdiyi hər şey üçün Ona şükür etməlidir.

İndi isə, bizi və canlı-cansız hər şeyi yaradan Allahın, planetimizdə yaratdığı tarazlıqların bəzilərini daha ətraflı şəkildə araşdıraq və beləliklə də, Allahın gücünə daha yaxından şahid olaq.

Planetimizin kainatdakı yeri

Əgər Planetimiz Günəşə indiki məsafəsindən bir qədər də yaxın olsaydı nələr baş verərdi? Əslində bu sualı cavablandırmaq, hamınız üçün çox asan olmalıdır. Çünki hər kəs Günəşin istiliyinin qovurucu olduğunu bilir. Uşaqlar, məhz bu istilikdən ötrü nə indiki atmosferə sahib olardıq, nə də okeanlara və dənizlərə... Temperatur o qədər yüksək olardı ki, yer üzündəki suyun çoxu buxarlaşardı. Əlbəttə ki, o zaman da yer üzündə heç su qalmazdı. Yer üzü tamamilə bir səhra kimi qupquru olardı.

Məsələn, əvvəlki başlıqda haqqında danışdığımız Venera planeti, bildiyiniz kimi Günəşə Planetimizdən daha yaxındır. Bundan ötrü də, Venera planetində temperatur Planetimizdən qat-qat yüksəkdir. Bu temperatur 475⁰ C-yə qədər yüksələ bilər. Bu temperaturun nə qədər yüksək olduğunu zehninizdə canlandırmaq üçün bunu bir düşünün! Ocağa qaynamaq üçün su qoysanız, suyun temperaturu 100 dərəcəyə çatanda qaynamağa başlayar.

Bir də tam əksini düşünək. Ya Planetimiz Günəşə indiki məsafəsindən bir qədər də uzaq olsaydı? Uşaqlar, əlbəttə ki, belə olan halda tam əksi vəziyyət yaranar, Planetimiz daha az isinərdi. Daha az isindikdə nə baş verərdi bilirsiniz mi? Yer üzündəki suyun çox hissəsi donaraq buza çevrilərdi. Belə olan halda isə, Planetimizin səthi, Günəşə bizdən bir qədər də uzaq olan Marsın buzlarla örtülü quru səthinə oxşayardı. Bu iki vəziyyətdən bu nəticəni çıxarda bilərik: Planetimiz tam olması lazım olan yerdə dayanır. Bəs sizcə bu necə ola bilər? Planetimizin belə tam yerində dayanması təsadüflə açıqlana bilərmi? Əlbəttə ki, açıqlana bilməz. Dünya cansız və şüursuz bir planetdir. Kosmosda özü üçün ən uyğun yeri müəyyənləşdirməsi və təsadüfən həmin yerə yerləşməsi qeyri-mümkündür. Planetimizin hazırda olduğu ən uyğun yerdə yerləşməsi, tam və mükəmməl yaratmağa qadir olan Allahın yaratmasıdır.

Elmin əldə etdiyi son məlumatlar, Günəş sistemindəki digər planetlərin varlığının da, Planetimizin təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. Yupiterin mövqeyi buna bir nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter, varlığıyla əslində Planetimizin tarazlığını təmin edir.

Əgər Yupiterin olduğu yerdə bu böyüklükdə bir planet olmasaydı, Planetimiz, kosmos boşluğunda hərəkət edən meteoritlərin və quyruqlu ulduzların hədəfinə çevrilərdi. Bir sözlə, Yupiter, sanki Planetimizi qoruyan bir qalxan kimidir. Əgər Yupiter hazırkı orbitində olmasaydı, üzərində yaşadığımız planet və təbiidir ki, biz də mövcud ola bilməzdik.

Bütün bunları bilən ağıllı bir insan, kainatda heç bir şeyin məqsədsiz və boşuna yaradılmadığını anlayar. Bu anlayış, bir Quran ayəsində belə təsvir edilir:

 

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. (Ali İmran surəsi, 190)

Bu ayədən də aydın olduğu kimi yerlərin və göylərin yaradılışı mövzusunda düşünməlisiniz. Bu kitabdan öyrəndikləriniz, Allahın kainatı yaratmasındakı üstün gücünü göstərir. Bu məlumatları düşündüyünüzdə Allahın gücünü daha yaxşı qavrayacaqsınız.

Qurana görə planetimizin forması

Uşaqlar! Bildiyiniz kimi planetimiz kürə formasındadır. İnkişaf edən texnologiya sayəsində, Planetimizin kosmosdan çəkilən fotoşəkillərində də bu həqiqət görülür. Lakin hələ 20-ci əsrdə öyrənilmiş bu həqiqət, 1400 il bundan əvvəl Allahın endirdiyi Quranda belə bildirilir:

O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür... (Zumər surəsi, 5)

Ayədə keçən "bürümək" sözü ərəb dilindəki "təkvir" sözünün dilimizdəki qarşılığıdır. "Təkvir" sözünün dilimizdəki tam qarşılığı; "kürə formalı bir şeyin üzərinə bir cisim sarımaq"dır. Ayədə gecə və gündüzün bir-birlərini bürüdükləri (təkvir etdikləri) mövzusunda verilən məlumat, eyni zamanda Yerin kürə formalı olduğu mövzusunda qəti məlumat ehtiva edir, yəni 1400 il bundan əvvəl endirilən Quranda Yerin kürə formalı olduğu bildirilmişdir.

Halbuki o dövrdə insanlar, Yerin kürə formalı deyil, düz olduğunu düşünürdülər. Bütün elmi hesablamalar və açıqlamalar da buna əsasən edilirdi. Hətta insanlar o dövrdə kosmos mövzusunda o qədər məlumatsızdılar ki, Planetimizin böyük bir öküzün buynuzları arasında dayandığı kimi gülməli inanca sahib olanlar da vardı.

Uşaqlar gördüyünüz kimi, elm adamlarının Quranın endirilməsindən əsrlər sonra öyrəndikləri məlumatlar, Allah tərəfindən ayələrdə xeyli əvvəldən bildirilmişdir. Bu da, Quranın bütün kainatı yaradan, hər şeyi bilən Allahın sözü olduğunun açıq-aydın dəlillərindən biridir.

Yerin temperaturu

Kosmosun orta temperaturunun neçə olduğunu bilirsinizmi? -270⁰ C! Bu soyuqda bizim və ya hər hansı bir canlının yaşaması qeyri-mümkündür. Planetimizin orta temperaturu isə 15⁰-20⁰ dərəcə arasındadır. Bu temperatur atmosfer təbəqələrindən yuxarıya doğru yüksələrkən xeyli dəyişər.

Məsələn, Afrika qitəsi olduqca isti bir qitədir. Sizə; "Afrikada qartopu oynaya bilərdinizmi?" sualını versək nə cavab verərsiniz? Əslində verəcəyiniz cavabı bilirik. Yəqin ki, çoxunuz suala bu şəkildə cavab verəcəksiniz: "Qartopu oynamaq üçün əvvəlcə qar lazımdır. Buna görə də, o qədər isti bir yerdə qar ola bilməyəcəyi üçün qartopu oynamaq da qeyri-mümkündür". Lakin bu cavab yanlışdır. Çünki, olduqca isti olduğu bilinən Afrika qitəsində istəsəniz qartopu da oynaya bilərsiniz. Amma bunun üçün bu qitənin ən yüksək dağı olan Klimancaronun zirvəsinə doğru dırmanmalısınız. Yerdən çox yüksək olan bu dağın təpəsi qarla örtülüdür. Çünki yerdən yuxarıya doğru çıxdıqca hava soyuyar. Soyuyan hava atmosferin "stratosfer" adlı təbəqəsində -50⁰-yə qədər enər. Lakin, daha da yüksəldikdə hava təkrar qızmağa başlayar. Amma Allahın qoruması sayəsində yer üzündə bu qədər böyük temperatur fərqləri müşahidə olunmaz.

Yerdə bu ən uyğun temperaturun qorunması, əlbəttə ki, Günəşlə Yer arasındakı məsafəylə və Günəşin yaydığı istiliklə yaxından əlaqəlidir. Daha əvvəlki başlıqlarda bu mövzudan bir qədər bəhs etmişdik. Burada bir qədər də ətraflı məlumat verək. Aparılan hesablamalara görə, Yerə çatan günəş enerjisinin 10% azalması nəticəsində, yer səthində metrlərlə qalınlıqda buz təbəqəsi meydana gəlir. Enerji bir qədər artdıqda isə, bütün canlılar qovrularaq ölər.

Yerin öz ətrafında yüksək fırlanma sürəti də, temperaturun balanslı şəkildə paylanmasına yardım edər. Yer yalnız 24 saat müddətində öz ətrafında fırlanar. Bundan ötrü də, gecələr və gündüzlər qısa müddət davam edər. Qısa müddət davam etdikləri üçün də, gecə ilə gündüz arasındakı temperatur fərqi çox az olar.

Merkuri planetini xatırlayaq. Bu planetin bir günü təxminən bir il davam edər. Buna görə də, Merkuridə gecə-gündüz arasındakı temperatur fərqi təxminən 1000⁰-yə çatar.

Relyef formaları da temperaturun balanslı paylanmasına kömək edər. Ekvatorla qütblər arasında təxminən 100⁰C-lik temperatur fərqi var. Əgər belə bir temperatur fərqi dağların olmadığı bir səthdə olsaydı böyük fırtınalar Yerin altını üstünə çevirərdi. Halbuki, yer səthi, temperatur fərqindən ötrü meydana gələ biləcək güclü küləklərin qarşısını almaq üçün sıra dağlarla təchiz edilmişdir. Bu sıra dağlar, Çində Himalay sıra dağları ilə başlayır, Anadoluda Tavr dağları ilə davam edər və Avropada Alp dağlarına qədər uzanar.

Planetimizin kosmosdakı -270⁰ C-lik temperatura baxmayaraq, necə tam bizim yaşaya biləcəyimiz dərəcədə və daim eyni səviyyədə isindiyini öyrəndik. Planetimiz bizim bədənimizin dözə bilməyəcəyi qədər isti və ya soyuq olsaydı yaşamağımız ya çox çətin ya da qeyri-mümkün olardı. Deməli, Yerin temperaturunun bizim üçün əlverişli olması da, Allahın bizə olan böyük nemətidir. Bizim üzərimizə düşən isə, ən gözəl şərtlərdə yaşamağımızı təmin edən Allaha şükür etməkdir. Uşaqlar bunu əsla unutmayın:

Bu qədər mükəmməl şəkildə yaradılmış Planetimiz nə qədər böyükdür və Allah Planetimizi kosmosdakı digər cisimlərdən necə qoruyur?

İndi isə, səyahətimizə bu sualların cavablarını öyrənərək davam edək...

Yerin böyüklüyü və digər göy cisimlərindən qorunması

Xatırlayırsınızsa daha əvvəl planetlərin böyüklüklərinin çox fərqli olduqlarından bəhs etmişdik.

İndi isə, Planetimizi digər planetlərlə böyüklüyü baxımından müqayisə edək. Hətta belə bir bənzətmə edək: Planetimizin kiçik bir yaşıl noxud olduğunu düşünək. Belə olan halda müvafiq olaraq, Merkuri bir küncüt dənəsi, Venera yenə Planetimiz mi bir yaşıl noxud, Mars bir qarpız toxumu, Yupiter bir portağal, Saturn bir naringi, Uran və Neptun iri bir albalı, Pluton isə yenə bir küncüt dənəsi olar. Bunlarla yanaşı, Günəş də bir basketbol topundan daha böyük, nəhəng bir kürə olar.

Bəs bu qədər fərqli böyüklüklərdəki planetlər arasında, Planetimizin böyüklüyü təsadüfənmi müəyyənləşdirilib?

Xeyr! Yer kürəsinin xüsusiyyətlərini araşdırdığımızda, üzərində yaşadığımız bu göy cisminin tam zəruri böyüklükdə olduğunu görərik.

Əgər Yer daha kiçik olsaydı, cazibə qüvvəsi çox zəifləyəcək və atmosferi Öz ətrafında tutub saxlaya bilməyəcəkdi. Atmosferin olmaması isə, bildiyiniz kimi, kosmosdakı meteoritlərin, zərərli şüaların daimi olaraq Yerə gəlməsi, oksigenin yox olması, bir sözlə, canlıların yaşaya bilməməsi deməkdir. Əgər Yer daha böyük olsaydı, bu dəfə də cazibə qüvvəsi çox artacaq və bəzi zəhərli qazları da tutub saxlayaraq atmosferi öldürücü vəziyyətə gətirəcəkdi.

Yerin kütləsiylə yanaşı, daxili quruluşu da xüsusi olaraq yaradılmışdır. Bu daxili quruluşdakı təbəqələr bir-biri ətrafında hərəkət edir. Bu hərəkət Yer kürəsi ətrafında böyük maqnit sahəsi əmələ gətirir. Bu maqnit sahə isə yer üzündəki həyatın qorunması baxımından çox əhəmiyyətlidir. Maqnit sahəni qoruyucu zirehə bənzədə bilərik. Yerə gələn zərərli şüalar bu zirehə dəyib geri qayıdar.

Bu qoruyucu zireh sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrdən qorunur. Günəşdən və digər ulduzlardan gələn öldürücü şüalar Yer kürəsinin ətrafındakı bu qoruyucu zirehdən keçə bilmirlər.

Elmin göstərdiyi digər həqiqətlər, bizə kainatın nəzarətsiz olmadığını göstərir. Əlbəttə ki, bütün kainata hakim olan, onu istədiyi kimi şəkilləndirən, qalaktikaları, ulduzları və planetləri qüdrəti altında saxlayan, O üstün Yaradıcı, bütün kainatın Rəbbi olan Allahdır.

Üzərində yaşadığımız mavi planet də, Allah tərəfindən xüsusi olaraq yaradılmışdır. Allah Quranda bu mükəmməl yaradılışı Naziat surəsinin 30-cu ayəsində

"döşəyib"

ifadəsiylə təsvir edir. Bu ifadə Yerin nizamlı şəkildə və insanın ehtiyaclarına görə Allah tərəfindən yaradıldığını bildirir.

Uşaqlar səfərimizin bundan sonrakı hissəsinə Yer üzərində davam edəcəyik. Möhtəşəm maviliklərin, yəni okeanların və dənizlərin qonağı olacağıq. İndi isə, Rəbbimizin bütün bunları hansı məqsədlər üçün yaratdığını və bizə necə bir nemət olaraq bəxş etdiyini araşdıraq.

Okeanlar - Dənizlər

Yer səthinin 71%-i su ilə əhatə olunmuşdur. Yer həmçinin suyun maye halında olduğu yeganə planetdir. Bu su, böyük çalalarda toplanbaraq okeanları meydana gətirmişdir. Bu okeanlar, Dünyadakı canlıların yaşaya bilmələri üçün çox əhəmiyyətli funksiyalar yerinə yetirirlər.

Məsələn, atmosfer temperaturunda baş verəcək ani dəyişmələrin qarşısını alırlar. Beləliklə də, canlıların sabit temperatur şəraitində yaşaya bilmələrinə kömək edir və iqlimi mülayimləşdirirlər. Həmçinin okeanlar, abraziya hadisəsi sayəsində quru səthinə müəyyən forma verərək relyef formaları əmələ gətirirlər. Bu hadisəyə Günəş sistemindəki başqa heç bir planetdə rast gəlinmir.

Həmçinin çox sevdiyimiz balıqlar və bir çox dəniz məhsulu da bu okeanlardan çıxar. Çox ləzzətli olan bu dəniz məhsullarından yemək, dənizə girmək və dəniz üzərində zövqlü səfər etmək də Allahın bizə bəxş etdiyi nemətlərdəndir.

Bəli uşaqlar, Allah hər şeyi bizim ehtiyaclarımız üçün mükəmməl şəkildə yaratmışdır. Əlbəttə ki, bu gözəlliklərlə yanaşı bir də bəzən çölə alov püskürən, lakin əsasən səssiz görünən dağlar var. İstəyirsinizsə səyahətimizə böyük od kütlələri püskürən bu dağlara baş çəkərək davam edək.

Alov püskürən dağlar

Uşaqlar bir qədər əvvəl bəhs etdiyimiz yer qabığının altındakı maqma axıcı olduğu üçün, özünə yol tapdıqda vaxtaşırı şəkildə yer qabığını yararaq böyük partlayışla yer səthinə çıxar. Bu ürküdücü hadisəyə vulkan püskürməsi deyilər. Quranda da bu dəhşətli hadisə belə bildirilir:

And olsun yarılan yerə! (Tariq surəsi, 12)

Bu yolla yerin yarılması nəticəsində baş verən bir partlayışda, vulkan əvvəlcə səmaya tonlarla ağırlıqda toz və kül püskürər. Beləliklə də, qapqara nəhəng bir bulud əmələ gəlməsinə səbəb olar. Sonra isə, maqma yer səthinə çıxmağa başlayar və önünə çıxan hər şeyi - meşələri, şəhərləri yox edər.

Vulkanlardan yer səthinə axan maqmaya "lava" deyilər. Lavalar bir müddət sonra yer səthində soyuyaraq qayalara çevrilər.

Tarix boyu bu cür fəlakətlər nəticəsində ortadan yox olan bir çox şəhər olmuşdur. Məsələn, eramızın birinci əsrində İtalyanın o vaxtlar ən varlı şəhərlərindən biri olan Pompey, qəflətən partlayan Vezuvi vulkanının lavaları altında qalaraq yox olmuşdur. Həmçinin bu hadisə, elə ani şəkildə baş vermişdir ki, şəhər camaatı yerindən belə tərpənməyə imkan tapmamışdır. Lavalar sürətlə Pompey şəhərinə çatmış və şəhərdə yaşayanların hamısı lavaların altında qalaraq ölmüşdür.

Azğınlıqları, əxlaqsızlıqları və Allahın əmrlərinə qarşı çıxmalarıyla tanınan Pompey şəhəri camaatından geridə heç kəs qalmamışdır. Bu və bənzəri cəmiyyətlərin uğradıqları mütləq aqibət Quranda belə təsvir edilir:

...Onlardan kimisinin üstünə qasırğa ilə birgə daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də suya qərq etdik... (Ənkəbut surəsi, 40)

Uşaqlar bu ayələrdən aydın olduğu kimi Allah hər şeyə qadirdir və istəsə yer üzündəki hər şeyi yox edə bilər. Heç kəs Allahın özünə əzab verməyəcəyindən əmin ola ola bilməz. Lakin Allah qullarına qarşı eyni zamanda çox şəfqətli və mərhəmətlidir. Bu kitab boyunca da Allahın sonsuz şəfqətinin bir çox dəlilini gördük. Bu başlıqda bəhs etdiyimiz vulkan püskürmələrinin çox nadir hallarda baş verməsi də Allahın nemətlərindən biridir.

Atmosfer

Uşaqlar səmaya baxdığınız vaxt, orada nələrin olub-bitdiyi sizi maraqlandırır mı? Fikrimizcə bu hamınızı maraqlandırır. Onda səmadakı mavi səyahətimizə başlayaq.

Yer kürəsini hər tərəfdən əhatə edən hava təbəqəsinə

"atmosfer"

deyilir. Atmosfer 7 təbəqədən ibarətdir. Atmosferin təbəqələrindən hər biri müxtəlif qazlar ehtiva edir və bir-biriylə tam uyğunluq içindədir.

Atmosferin 7 təbəqədən ibarət olduğu Quranın bir ayəsində belə bildirilir:

O, iki gündə onları yeddi göy kimi yaratdı... (Fussilət surəsi, 12)

Quranın bir çox ayəsində işlədilən göy sözü, bütün kainatı ifadə etmək üçün işlədildiyi kimi, Dünya səmasını ifadə etmək üçün də işlədilər. Sözün bu mənası götürüldükdə ayədə, Dünya səmasının, digər bir sözlə, atmosferin, 7 təbəqədən ibarət olduğu bildirilir.

Bugünkü gündə Dünya atmosferinin üst-üstə düzülmüş fərqli təbəqələrdən ibarət olduğu məlumdur. Həmçinin eynilə ayədə bildirildiyi kimi, tam yeddi əsas təbəqədən...

İndi ayədə bildirilən təbəqələri ardıcıllıqla araşdıraq:

- Troposfer:

Yer üzünə ən yaxın olan və ən aşağıda yerləşən təbəqədir. Bu təbəqənin qalınlığı enliklərə görə dəyişir. Troposferdə hündürlük artdıqca temperatur azalar, ən hündür nöqtəsində isə temperatur -51⁰ C ilə -79⁰ C arasındadır.

- Stratosfer:

Troposferin üzərində yerləşir. Bu təbəqədə yuxarı qalxdıqca temperatur da artar.

- Mezosfer:

Stratosferin üzərində yerləşir. Burada temperatur -73⁰ C-ə qədər enir.

- Termosfer:

Mezosferin üzərində yerləşir. Burada temperaturun yenidən yüksəldiyi müşahidə olunur. Gecə ilə gündüz arasındakı temperatur fərqi 100⁰ C-dən çoxdur.

- İonosfer:

Yerdən 70-400 kilometr arası hündürlükdə yerləşib, ion adlandırılan elektrik yüklü zərrəciklərə malikdir. Məhz bu zərrəciklərin olduğu atmosfer təbəqəsi ionosfer adlanadırılır.

- Ekzosfer:

Yer səthindən 500 kilometr hündürlükdən sonra başlayan təbəqədir.

- Maqnitosfer:

Bu təbəqə maqnit gücündən ötrü maqnitosfer adlandırılmışdır. Qoruyucu zireh funksiyası yerinə yetirən bu təbəqə, 3000 km-lə 30000 kilometr hündürlük arasında yerləşir. Daha əvvəl də bəhs etdiyimiz kimi, Planetimizi kosmosdan gələn təhlükəli şüalardan qoruyan bu təbəqəyə Van Allen qurşağı da deyilir.

Atmosferin bizim üçün nə qədər əhəmiyyətli olduğunu anlamağımız üçün bir də digər planetlərə nəzər salaq. Məsələn, Merkuri planetində olduğumuzu düşünək. Burada atmosfer yoxdur. Ancaq atmosferin varlığı bir çox baxımdan olduqca əhəmiyyətlidir. Buraya qədər atmosferdəki oksigen kimi qazlardan və atmosferin qoruyucu xüsusiyyətinin əhəmiyyətindən qismən də olsa bəhs etdik. Amma bir də insan həyatı üçün olduqca əhəmiyyətli olan, atmosferin ağırlığı var.

Atmosfer, çox yüngül havadan yaradılmışdır.

Amma bu, atmosferin heç ağırlığı olmadığı mənasını verməz. Əslində, üzərimizdə yüksələn kilometrlərlə qalınlıqdakı hava təbəqəsinin ağırlığı olduqca çoxdur.

Tədqiqat nəticələrinə görə atmosfer hər birimizin üzərinə tonlarla ağırlıqda qüvvə tətbiq edir. Məhz buna "hava təzyiqi" deyilir. İndi ağlınıza; "onda necə əzilmirik?" sualı gələ bilər. Uşaqlar bunun səbəbi, bədənimizin atmosferin ağırlığına tab gətirə biləcək möhkəmlikdə yaradılmış olmasıdır. Daha müxtəlif təzyiqə malik bir mühitdə, yaşamağımız isə qeyri-mümkündür. Çünki bu təzyiq olmadıqda bədənimizin içində sürətlə hərəkət edən qanın çölə doğru göstərdiyi təzyiq fəaliyyət keçər və qan təzyiqi, atmosfer təzyiqi ilə taraz vəziyyətə gəlməsə damarlarımız yüksək təzyiqin təsiri nəticəsində partlayar.

Məhz buna görə də, Merkuri kimi atmosfer olmayan bir mühitdə insanın yaşaya bilməsi qeyri-mümkündür.

Venera planetində isə atmosfer var. Lakin oradakı təzyiq də Yerdəki təzyiqdən tam doxsan dəfə artıq olduğu üçün insanın yaşaması üçün əlverişli mühiti təmin etməz. Buradan isə, Venera planetində yaşamağın mümkün olmayacağını, çünki insan böyük təzyiq altında əzilib öləcəyini anlayırıq.

Buraya qədər danışdıqlarımızı təkrar qısa şəkildə yekunlaşdıraq: Atmosfer, Dünyadakı canlıların yaşaya bilməsinin ən əhəmiyyətli şərtlərindən biridir. Atmosferin, bir hissəsindən qısa şəkildə bəhs etdiyimiz bir çox vəzifəsi var. Xatırlayırsınızsa bunlardan biri atmosferdəki qazların insan həyatı üçün zəruri olmasıdır. Əgər atmosfer olmasaydı canlılar nəfəs ala bilməzdi və yer üzündə həyat olmazdı.

Atmosferin vəzifələrindən biri də Planetimizi kosmosdan gələn bir çox təhlükədən qorumaqdır. Planetimizi gözləyən təhlükələrdən biri, daha əvvəl də bəhs etdiyimiz kimi kosmosda hərəkət edən asteroidlərdir. Məhz atmosferin vəzifələrindən biri də bu asteroidlərin Planetimizə düşüb zərər verməsinə mane olmaqdır.

Atmosferin digər bir vəzifəsi də kosmosdan gələn zərərli şüaların qarşısını kəsməkdir. Atmosfer sayəsində bu zərərli şüaların yalnız 7%-i Yerə çatar.

Budur uşaqlar sizə üzərində düşünməli olduğunuz yeni bir mövzu... Planetimizə gəlib çatan şüalar, tam yaşamağımız üçün lazım olan miqdardadır. Xatırlayırsınızsa Planetimizin Günəşə olan uzaqlığı da tam olması lazım olan qədərdi, nə daha uzaq, nə də daha yaxın idi... Uşaqlar, bəs bizim üçün olduqca əhəmiyyətli olan atmosfer öz-özünə, təsadüfən meydana gəlmiş ola bilərmi?

Belə bir şeyin əsla mümkün olmayacağını başa salmaq üçün sizə kiçik bir nümunə verək: Ananızın hazırladığı peçenyelərin ləzzətini düşünün. Bu peçenyelərə ləzzət verən nədir? Əlbəttə ki, ananızın bunların xəmirini lazımi vəsaitlərdən tam lazımi miqdarda əlavə edərək hazırlaması və yenə tam lazım olduğu şəkildə bişirməsi ən böyük faktordur. Biri çıxıb sizə; "belə ləzzətli peçenyelər hazırlamaq üçün anana ehtiyac yoxdur, bunlar təsadüfən də bişib sənin önünə eyni ləzzətdə gələ bilərlər" desə ona inanarsınız mı? Əlbəttə ki, inanmazsınız. Uşaqlar, bəs kiçik bir peçenye belə öz-özünə meydana gələ bilmədiyi halda, heç bu böyüklükdə Planetimiz, onu əhatə edən atmosfer və təbiidir ki, ən əhəmiyyətlisi də, üzərində yaşayan biz insanlar təsadüfən meydana gələ bilərikmi? Qətiyyən belə bir şeyin mümkün olmayacağını artıq hamımız bilirik.

Bütün bunları bilən birinin səmaya baxdığında nə düşünə biləcəyinə dair bir nümunə verək. Məsələn, "Allah atmosferi yaratmasaydı Planetimizdə yaşamaq mümkün olmazdı" və ya "Allah, həqiqətən də çox güclüdür. Əgər Rəbbimiz Planetimizi qorumasaydı, nəhəng asteroidlər Yerə gəlib çatar və Planetimiz olduqca kiçik hissələrə ayırardı" kimi düşünə bilər. Öyrəndiyiniz bütün məlumatları bu nümunələrdəkinə bənzər şəkildə düşünə bilərsiniz. Eləcə də, Allaha bu şəkildə bizi qoruduğu üçün də şükür edər, yəni təşəkkür edərsiniz.

Atmosferin həyat üçün uyğunluğu

Planetimizin atmosferi həyat üçün lazım olan bütün xüsusiyyətlərə malikdir. İndi, sizə atmosferimizin özünəməxsus quruluşundan danışaq.

Dünya atmosferi 77% azot, 21% oksigen, 1% karbon və arqon kimi digər qazların qarışığından ibarətdir. Bu qazlardan əvvəlcə oksigeni araşdıraq.

Oksigen canlılar üçün çox əhəmiyyətlidir. Çünki canlıların yaşaması üçün lazım olan enerji bəzi kimyəvi reaksiyalar nəticəsində əldə edilir. Bu kimyəvi reaksiyaların əksəriyyəti də oksigen sayəsində baş verir. Məhz biz də bundan ötrü, daimi surətdə oksigenə ehtiyac duyarıq. Əlbəttə ki, bu ehtiyacımızı ödəmək üçün daimi surətdə nəfəs alarıq.

Atmosferdəki oksigen miqdarı həyat üçün lazım olan ən uyğun nisbətdədir. Məsələn, bu nisbət 21% əvəzinə, 22% olsaydı, tək bir ildırımın çaxması nəticəsində meşə yanğınları başlayardı. Əgər nisbət 25%-ə çatsaydı isə, Planetimiz nəhəng yanğınlarla qovrulub yox olardı. Çünki oksigen tez alışan qazdır.

Bunu öyrəndiyinizdə ağlınıza belə bir sual gəlmiş ola bilər: Görəsən bir gün oksigen tükənsə nə baş verər? Son əsrdəki yüksək hava çirkliliyinə baxmayaraq, belə bir təhlükə yarana bilməz. Çünki Planetimizdə meydana gətirilən oksigenin 80%-dən çoxu, okeanlardakı mikroskopik canlılar tərəfindən əmələ gətirilir. Yəni yer üzündəki bütün meşələr yox olsa belə yaşaya biləcəyiniz miqdarda oksigen olacaq.

Atmosferdəki oksigen nisbətinin sabit vəziyyətdə qalması, mükəmməl sistem sayəsində baş verir. Buna geriyə mübadilə sistemi deyilir. Heyvanlar və insanlar oksigendən istifadə edər, karbon buraxarlar. Bitkilər isə bu əməliyyatın tam əksini həyata keçirərlər. Karbon qazını alıb oksigenə çevirərək həyatın davam etməsini təmin edərlər. Hər gün bitkilər tərəfindən bu yolla milyardlarla ton oksigen əmələ gətirilərək atmosferə buraxılar.

Burada çox mühüm bir həqiqətə diqqət çəkək. Niyə yalnız bitkilər oksigen əmələ gətirir? Bütün canlılar oksigen əmələ gətirsələrdi yaşamaq daha asan olmazdı mı?

Xeyr, qətiyyən yaşamaq daha asan olmazdı. Əksinə həm insanlar, həm heyvanlar, həm də bitkilər oksigen əmələ gətirsələrdi atmosferdəki oksigen nisbəti xeyli artar və atmosfer qısa müddətdə "yanıcı" xüsusiyyət qazanardı. Bunun nəticəsində ən kiçik bir qığılcım belə nəhəng yanğınlar meydana gətirərdi.

Digər tərəfdən bunun tam əksini də düşünə bilərik: Bitkilər oksigen deyil, digər canlılar kimi karbon əmələ gətirsəydilər nə baş verərdi?

Əgər bütün canlılar karbon əmələ gətirsədilər, bu dəfə də atmosferdəki oksigen sürətlə tükənər və bir müddət sonra canlılar nəfəs almalarına baxmayaraq, tənəffüs etdikləri havada oksigen olmadığından "boğularaq" kütləvi halda ölməyə başlayardılar.

Uşaqlar gördüyünüz kimi, atmosfer bizi qorumaqdan başqa, eyni zamanda nəfəs almağımız üçün lazım olan oksigeni də qoruyub saxlayır və Allah oksigen miqdarını sabit saxlayacaq bir çox sistemi bir-biriylə əlaqəli şəkildə yaratmışdır. Məhz Allah Planetimizdəki hər şeyi belə incə hesablar və tarazlıqlarla yaratmışdır. Bu Allah üçün çox asandır.

Bunu əsla unutmayın ki, hər rahatlıqla nəfəs alışınız Allaha şükür etməyiniz üçün bir səbəbdir. Çünki O istəməsəydi nə atmosfer, nə də oksigen olardı...

Sürüklənən buludlar

Səmaya baxdığımız vaxt, havada ağ və ya boz rəngli pambıq kütlələrinə bənzər buludları görərik. Hətta onları bir çox müxtəlif formalarından ötrü, bizə məlum olan şeylərə də bənzədərik, elə deyilmi? Bəs buludların necə meydana gəldiyini heç düşündünüz mü? İstəyirsinizsə birlikdə bu pambıq kütlələrinin necə meydana gəldiyini görək.

Hər gün yer səthindəki suyun bir hissəsi Günəşin istiliyinin təsiri nəticəsində buxarlanar. Yəni su, çox kiçik damlalar halında havaya qarışar. Bu yolla havaya qarışan suya "su buxarı" deyilər. Yerə yaxınlaşan hava qızar. Qızan hava isə yüksələr və yüksələrkən bu su buxarını da özüylə birlikdə yuxarılara aparar. Yüksəklikdəki soyuq hava ilə qarşılaşan isti havanın içindəki su buxarı, buz kristallarına çevrilər. Bunlar da buludları meydana gətirər.

Duzlu dənizlərdən, minerallaşmış göllərdən buxarlanan su, özüylə birlikdə duzları da yuxarı aparar. Bu duz zərrəcikləri gözlə görülə bilməyəcək qədər kiçikdir. Atmosfer, küləyin bu zərrəcikləri daşıması sayəsində gündə 27 milyon ton duz əldə edər. Bu duzlar sonradan əmələ gələcək yağış damlalarının nüvəsini meydana gətirər.

Buludlar, Yerdən baxanda pambıq kimi görünürlər. Bundan ötrü də, buludların çox yüngül olduqlarını düşünmüş ola bilərsiniz. Halbuki bu buz kristalları, kifayət qədər böyüyüb yağışa çevrildikdə tonlarla su axdığını görərsiniz. Orta böyüklükdəki bir yağış buludunda 300 min ton su olar (1 ton 1000 kiloqramdır. 300 min ton isə, 300 milyon kiloqramdır. Yetkin bir insanın çəkisinin orta hesabla 60-70 kiloqram olduğunu düşünsəniz bunun nə qədər böyük rəqəm olduğunu anlayarsınız). Bəli səhv eşitmədiniz havada asılı vəziyyətdə dayanan 300 min ton...

Məhz Allah bu nəhəng buludlardan yer üzünə həyat verəcək yağışı yağdırar. Beləliklə də, hər yerə asanlıqla su çatmasını təmin edər. Rəbbimiz bizə Quranda buludların yağışın yağmasına necə səbəb olduğunu isə, bu ayə ilə bildirir:

Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra onları bir-birinə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağış çıxdığını görürsən... (Nur surəsi, 43)

Bundan əlavə, Allah Quranda göydən endirdiyi suyun təmizliyinə də diqqət çəkmişdir:

...Biz göydən tərtəmiz su endirdik. (Furqan surəsi, 48)

Ayədə bildirildiyi kimi su, göydən tərtəmiz şəkildə enər. İçində az miqdarda duz və bəzi minerallar var. Əslində, bu da Allahın böyük rəhmətidir. Çünki torpaq, yağışda olan bu az miqdardakı duz və minerallar sayəsində qidalanar. Əgər okeanlardan buxarlanan sular yağış halında yağdıqları vaxt, böyük miqdarda duz ehtiva etsəydilər, bu, yer üzünə böyük zərər verə bilərdi. Çünki yağış çox duzlu olsaydı, torpağı və bitkiləri məhv edə bilərdi. Bitkilər məhv olacağı üçün də yemək tapa bilməyən canlılar yox olacaqdılar. Bir sözlə, Dünyadakı həyat qısa müddət içində yox olacaqdı. Amma belə olmaz, çünki Allah insanlara qarşı böyük mərhəmət sahibidir. Quranda bu belə bildirilir:

İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz? Əgər istəsəydik, onu duzlu edərdik. Bəs nə üçün şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)

Ayədə bildirilənlər çox açıq şəkildə hər şeyin insanların yaşamasına uyğun şəkildə yaradıldığını xəbər verilir.

Uşaqlar, gördüyünüz kimi əslində həyatımız üçün lazım olan hər hansı bir şeyi yaratmaq və ya ona nəzarət etmək üçün gücümüz yoxdur. Allah istəməsə, yer üzündə yaşamağımız qeyri-mümkündür. Bundan ötrü də, hər an hər şeyi Allahın yaratdığını xatırlayıb daim Ona şükür etməliyik.

Yer üzündəki suyun necə buxarlandığını, buludların necə meydana gəldiyini və necə yağışa çevrildiyini öyrəndik. Bəs yağışın yer üzünə müəyyən ölçü ilə endiyini öyrənmək istəyərsiniz mi? Onda səyahətimizə yağışların necə müəyyən ölçüdə yağdığı mövzusundan danışaraq davam edək.

Yağışdakı ölçü

Yağış yer üzünə müəyyən miqdarla yağar. Yağışdakı bu ölçü dövrümüzdə aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur. Aparılan ölçmə işlərinə görə, yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bir ildə bu göstərici 505 trilyon tona çatır və yenə hər il Dünyaya eyni miqdarda yəni 505 trilyon ton yağış yağır. İşin maraqlı tərəfi bu göstəricinin hər il eyni olmasıdır və bu heç dəyişməz. Hələ elm adamlarının yeni ortaya çıxartdığı bu həqiqəti Allah bizə bundan 1400 il əvvəl göndərdiyi Quranda bu şəkildə bildirir:

Göydən lazım olduğu qədər su endirildi... (Zuxruf surəsi, 11)

Uşaqlar bunu unutmayın ki, bundan minlərlə il əvvəl hələ heç kimin bilmədiyi belə bir məlumatın Quranda insanlara bildirilmiş olması Quranın bir möcüzəsidir və bu, müqəddəs kitabımızı Allahın göndərdiyinin bir dəlilidir. Quranda belə daha bir çox möcüzələr var.

Yer üzündəki həyat, bəhs etdiyimiz suyun bərabər miqdarda buxarlanması və yenidən yer səthinə qayıtması, yəni "su dövranı" sayəsində təmin olunur. İnsan sahib olduğu bütün texnoloji imkanlardan istifadə etmək belə, hər hansı bir yolla bu ölçünü süni şəkildə əldə edə bilməz.

Su dövranında cüzi dəyişiklik olsa, qısa müddət sonra təbiətdə böyük natarazlıq yaranar. Bu da həyatın sonunu gətirər. Lakin heç vaxt belə olmaz. Yağış Quranda bildirildiyi kimi, yer üzünə hər il eyni miqdarda yağmağa davam edər.

Yəqin ki, hamınız yağışın yağmasındakı ölçüyə Allahın nəzarət etdiyini anlamısınız. Belə olmasa, yağış hər il eyni ölçüdə necə yağa bilər? Hamımızın bildiyi kimi belə bir şey qətiyyən mümkün deyil. Allah bütün kainatın sahibidir. Hər şey ancaq onun əmri ilə olur.

Yağış damlaları altında bir qədər gəzdikdən sonra, yağış yağdıqdan sonra yaranan möhtəşəm gözəlliyin rəngləri arasında səyahətimizə davam edək.

Rəngarəng göy qurşağı

Bu səfərimiz də rəngarəng göy qurşağının içində olacaq. Yəqin ki, bu günə qədər göy qurşağı görmüsünüz. Ən azından kitablarda və ya televizorda görmüsünüz. Buna əminik ki, göy qurşağının rəngləri və forması hamınızın çox xoşuna gəlmişdir. Bəs bu rəngarəng göy tacının necə meydana gəldiyini heç düşündünüz mü? İndiyədək düşünməmisinizsə, yəqin ki, bu başlığı oxuyan kimi, düşündünüz. Onda siz daha çox maraqlanmadan dərhal göy qurşağı barədə başlayaq.

Göy qurşağı, yağışdan sonra Günəşin görülməsiylə birlikdə ortaya çıxar. Yeddi rəng, tac kimi yarım dairə halında arxa-arxaya düzülər. Göy qurşağının bu halı çox valehedicidir.

Göy qurşağı əslində bir işıq oyunudur. Göy qurşağı, günəş işığının təməl rənglərinə sahibdir. Bəli, bizim ağ olaraq gördüyümüz günəş şüaları əslində rənglidir. Günəşdən gələn bu rənglərə əsas rəng deyilir.

Əsas rəng; qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi rəngdir. Günəş şüalarının ağ rəngi bu rənglərin birləşməsi nəticəsində əmələ gələr. Lakin günəş şüası, yağış damlasının içindən keçdiyi vaxt öz rənglərini ortaya çıxarar. Çünki, su işığı sındırar. Suyun işığı sındırması nəticəsində rənglər ayrılar. Ayrılan rənglər yağış damlasının arxasından əks olunar və çölə əyilərək çıxarlar.

Sizin üçün bu mürəkkəb məsələ kimi mi göründü? Əgər belə oldusa, kristal bir stəkan tapın və güclü işıq salın. Burada su damcısının vəzifəsini, şüşə yerinə yetirər. Stəkana güclü işıq düşdükdə divarda kiçik bir göy qurşağının ortaya çıxacağını görəcəksiniz.

Uşaqlar, bunu da qeyd etməliyik ki, göy qurşağından bəhs edərkən həmişə yarımdairə deyirik amma, bu doğru deyil. Çünki göyqurşağı əslində bütöv dairə formasındadır. Lakin yerdən bu dairəni tam şəkildə görmək olmaz. Bundan ötrü də, göy qurşağını həmişə yarımdairə halında görərik. Təkcə təyyarədən tam dairə halında görülə bilər.

Göy qurşağının dairəsinin mərkəzi, həmişə Günəşin tam qarşısına düşən bir nöqtədə olar. Günəş yuxarı qalxdıqda, göy qurşağı da tam Günəşin qarşısına gələcək şəkildə yuxarı qalxar.

Göy qurşağının bu rəngarəng, heyranlıq oyandıran görünüşü, Dünyadakı gözəlliklərdən zövq almağımız üçün Rəbbimiz tərəfindən xüsusi olaraq yaradılmışdır. Allah sonsuz sayda bənzərsiz gözəllik yaratmağa qadirdir. Bundan ötrü də, bu bizi təəccübləndirməz, Allahı daha yaxşı tanımağımızı və Ona daha çox şükür etməyimizi təmin edər.

Belə rəngli bir səfərə yenə göz qamaşdıran bir gözəlliklə davam edək. Bu dəfə, gecələr səmada gördüyümüz və gözəlliyinə heyran qaldığımız kiçik bir göy cismini, Ayı araşdıraq.

Gecələrimizi işıqlandıran Ay

Ay, Planetimizin ətrafında fırlanan daşdan bir top kimidir. Gecələri hava buludsuz olduqda qapqaranlıq səmada işıl-işıl parıldayar. Ancaq bu işıq, Ayın öz işığı deyil, çünki Ayın özünəməxsus işığı yoxdur. O, yalnız Günəşdən gələn şüaları bir ayna kimi ətrafına əks etdirər. Beləliklə də, səmadan asılmış böyük işıq kimi görünər. Ayın bu xüsusiyyəti Quranda belə bildirilir:

"...İşıqlı və nurlu bir Ay yaradan Allah nə qədər Ucadır". (Furqan surəsi, 61)

Ayın həmişə eyni üzünü görərik. Çünki Ay, həm öz ətrafında, həm də Yer ətrafında 29 gündə fırlanar. Hər ikisində də, fırlanma müddəti eyni olduğu üçün bizə həmişə eyni üzü çevrilər.

Digər tərəfdən gecə səmaya baxdığımız vaxt, ayı bəzən yumru, bəzən də yarımdairə halında görərik. Bunun səbəbi Yer ətrafında fırlandıqca, işıqlı üzünün fərqli formalar almasıdır.

Yer və Ay bir-birini cəzb edər. Amma Yerin cazibə qüvvəsi Ayın cazibə qüvvəsindən 6 dəfə çoxdur. Buna baxmayaraq, Ayın cazibə qüvvəsi Yerə təsir edər. Bu cazibə qüvvəsi də, okeanlarda və dənizlərdə baş verən "qabarma-çəkilmə" adlı hadisəyə səbəb olar. Sahildəki su səviyyəsi bir müddət azalıb sonra əvvəlki halına qayıdar. Əgər Ayın cazibə qüvvəsi daha güclü olsaydı, qabarma-çəkilmə prosesi su səviyyəsinin xeyli alçalıb-yüksəlməsinə səbəb olardı. Belə olan halda, dənizə yaxın əraziləri daima su basardı.

Lakin qabarma-çəkilmə hadisələrində sular ümumiyyətlə normadan artıq yüksəlməz. Çünki Rəbbimiz Ayın və Yerin cazibə qüvvəsini bizim həyatımız üçün ən uyğun olacaq şəkildə yaratmışdır.

Gecə-gündüz və fəsillər

Planetimiz öz ətrafında fırlanarkən, orbitinə azacıq maili vəziyyətdə dayanar. Bu da, yaz, yay, payız və qış kimi adlandırdığımız dörd fəslin meydana gəlməsinin yeganə səbəbidir.

Əgər Allah istəsəydi Planetimiz orbitinə perpendikulyar olardı. Amma Planetimiz orbitinə tam perpendikulyar olsaydı, heç bir fəsil yaranmazdı. Planetimizin hər yerində temperatur sabit qalardı. Nəticə etibarilə də, yediyimiz yeməkdən, tənəffüs etdiyimiz havaya qədər tam fərqli bir mühitdə yaşayardıq.

Uşaqlar, bəs gecə ilə gündüzün necə meydana gəldiyi barədə heç düşündünüz mü? Kosmosda hər yer qaranlıqdır. Halbuki, kosmosun içindəki Planetimizdə gecə gündüzü, gündüz isə gecəni izləyər. Səhərlər hava işıqlanar, axşam olduqda isə qaralar. Bəs qapqaranlıq kosmosda Planetimiz səhər olduqda necə işıqlanar?

Bunun səbəbi Planetimizin orbitində hərəkət edərkən fırfıra kimi öz ətrafında da fırlanmasıdır. Yer öz ətrafında fırlandıqca Günəşə çevrilən üzü işıqlanacaq.

Halbuki Uran planeti, öz orbitində yerdə yuvarlanan bir top kimi hərəkət edir. Bu qeyri-adi vəziyyətə səbəb olur: Uranın bir tərəfi daim işıqlı, digər tərəfi isə daim qaranlıq olur.

Bəs Yer kürəsinin bir tərəfində daim gündüz, digər tərəfində daim gecə olsaydı nə baş verərdi? Şübhəsiz ki, belə olan halda insanların müəyyən yuxu saatı olmazdı. Hər kəs müxtəlif vaxtlarda yatar, müxtəlif vaxtlarda oyaq qalardı. İnsanlar arasındakı əlaqələrdə ləngimələr baş verərdi.

Əvvəlcə gündüzün daimi olduğunu düşünək: Görəsən belə olsaydı rahat yata bilərdikmi? Eləcə də, yalnız gecə görə biləcəyimiz Ayı və ulduzları heç vaxt görə bilməzdik.

Eləcə də, daim gecə olsaydı nə baş verərdi? Hər şeydən əvvəl, günəşi, buludları, gündüzləri görə bildiyimiz gözəlliklərin heç birini görə bilməzdik. Yatmaq saatımızla məktəbə getmək saatımız kim bilir necə olardı? Gecə qaranlığında məktəbə gedər və tənəffüslərdə qaranlıq havada bağçada oynamağa çalışardıq.

Ancaq bunlardan da əhəmiyyətlisi, yaşaya bilmək üçün həm qaranlığa, həm də aydınlığa ehtiyacları olan bitkilər qısa vaxtda yox olardılar. Bu da həyatın sonu olardı.

Ancaq Rəbbimiz həyatımızı asanlaşdırmaq üçün gecəni və gündüzü yaratdı. O, bizim üçün gecəni və gündüzü yaradaraq, həyatımızı ən gözəl şəkildə nizama qoymuşdur. Quranda gecə ilə gündüzün yaradılma səbəbləri belə bildirilir.

Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur. (Furqan surəsi, 47)

Uşaqlar, bir düşünün, hər gün yeni şeylər icad edilir və ya yeni şeylər kəşf olunur. Halbuki bütün bunlar, mövcud olanı anlamaqdan və ya onu təqlid etməkdən başqa bir şey deyil. Düşünün, hansı nəhəng Yeri öz ətrafında fırlanan və beləliklə də, gecə ilə gündüzün meydana gəlməsini təmin edə bilər? Heç biri, elə deyilmi? Bunu yalnız göyü, yeri və içindəkilərin hamısını yaradan Rəbbimiz edə bilər.

Uşaqlar, ancaq bunu əsla unutmayın. Allah, gecəni və gündüzü yaratdığı kimi, istəsə onları aradan götürə də bilər. Onda minlərlə çətinlik yaşayarıq, hətta bir qədər əvvəl də ifadə etdiyimiz kimi, yer üzündə yaşaya bilmərik. Bir Quran ayəsində Allahın istəsə gecəni və ya gündüzü fasiləsiz davam etdirəcəyi belə bildirilmişdir:

De: “Bir deyin görək, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər?... (Qəsas surəsi, 71)

De: “Bir deyin görək, əgər Allah gündüzü üstünüzdə qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər?... (Qəsas surəsi, 72)

Bəli uşaqlar Allahın diləməsi istisna olmaqla, həm gecənin, həm də gündüzün ola bilməyəcəyini bu ayələrdən açıq şəkildə anlayırıq. Kainat və içindəki hər şey, onları yaratmış olan Allaha məxsusdur.

Uşaqlar bunu əsla unutmayın! Siz də daxil olmaqla, hər şeyi mükəmməl şəkildə yaradan üstün və güc sahibi olan Allahdır.



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iin-ilmk---qamusi-trk.html

iindkin-da---turuz-szlg.html

iinphji--komnttephbih---.html

iiou-zhilindai-ects.html

iiqd---azrbaycan.html