1 2 3 4 5

III FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA YERLİ ÖZÜNÜİDARƏNİN FUNKSİONAL-HÜQUQİ ƏSASLARI

səhifə4/5
tarix26.10.2017
ölçüsü328.03 Kb.

III FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA YERLİ ÖZÜNÜİDARƏNİN FUNKSİONAL-HÜQUQİ ƏSASLARI


3.1

Bələdiyyələrin maliyyə fəaliyyəti


Bələdiyyə maliyyəsi dedikdə yerli əhəmiyyətli məsələlərin həlli üçün maliyyə resurslarının formalaşması, bölgüsü və istifadəsi ilə əlaqədar yaranan sosial-iqtisadi münasibətlərin məcmusu başa düşülür. Bu münasibətlər yerli özünüidarəetmə orqanları ilə həmin bələdiyyənin ərazisində yaşayan əhali, habelə orada fəaliyyət göstərən təsərrüfat subyektləri arasında meydana çıxır.10

Bələdiyyə maliyyəsinin əsasını bələdiyyə büdcələri təşkil edir. Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyə büdcəsi (yaxud yerli büdcə) - bələdiyyələrin statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirmək üçün formalaşdıran və istifadə olunan maliyyə vəsaitidir (30-cu maddə). Başqa sözlə, bələdiyyə büdcəsi ayrıca bələdiyyə qurumunun mərkəzləşdirilmiş maliyyə resursları fondudur. Həmin vəsaitlə bələdiyyələr yerli özünüidarəetmənin təmin edilməsi predmetinə aid olan vəzifə və funksiyalarını həyata keçirirlər.

Bələdiyyə büdcəsi dövlət büdcəsinin tərkibinə daxil deyil, müstəqildir. Onun müstəqilliyi özünün xüsusi mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaitinə sərancam vermək sahəsində müstəsna hüquqi ilə təmin edilir. Yerli büdcələrin formalaşdırılmasını, istifadə istiqamətlərini, tərtibini, təsdiqini və icrasını bələdiyyələr müstəqil həyata keçirirlər.

Bələdiyyə büdcəsi dövlət büdcəsinə daxil olmasa da, ölkənin büdcə sisteminin tərkib hissəsidir. Bələdiyyə büdcəsinin vəsaiti əsasən bələdiyyə ərazisində yaşayan və işləyən vətəndaşların, habelə orada fəaliyyət göstərən müəssisə və təşkilatlarının vergi və digər ödəmələri, vətəndaşların və təşkilatların könüllü ianələri və yardımları, dövlət büdcəsindən köçürmələr və s. hesabına formalaşır. Bələdiyyə büdcəsinin vəsaitləri bələdiyyə ərazisində yaşayanların hamısı üçün əhəmiyyətli olan ümumi işlərin yerinə yetirilməsinə yönəldilir.Yerli büdcələrin formalaşdırılmasını, təsdiqini və istifadə olunmasını, onların icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirirlər.

Yerli büdcənin mədaxili və məxarici.

Yerli vergilər və ödənişlər, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsində və 144-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş əsaslarla qanunvericilik və icra hakimiyyətləri tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə ayrılmış müvafıq zəruri maliyyə vəsaiti, bələdiyyə əmlakının özəlləşdirilməsindən, bələdiyyə əmlakının icarəyə verilməsindən, yerli lotereyalardan, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyekllərdə yerləşdirilən küçə reklamlarına görə daxil olan ödənişlər, bələdiyyə, müəssisə, idarə və təşkilatlarının mənfəətindən tutulan vergi, dotasiyalar,11 subvensiyalar, transfert ödənişləri, qanuna və bələdiyyələrin qərarlarına müvafiq surətdə digər mədaxil, habelə bələdiyyələrin fəaliyyəti nəticəsində yaranan başqa vəsait yerli büdcələrin mədaxilini təşkil edir. Bələdiyyələr yerli büdcələrin vəsaiti barəsində müstəqil sərəncam verirlər.

Yerli büdcələrin mədaxil və məxaric hissələrində yerli əhəmiyyətli məsələlərin həllinin və bələdiyyələrə icra hakimiyyəti tərəfindən verilən səlahiyyətlərin həyata keçirilməsinin maliyyələşdirilməsi ayrılıqda nəzərdə tutulur.

Qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının dövlət orqanları bələdiyyələrə verilmiş səlahiyyətlərin normal yerinə yetirilməsi kifayət edən yerli büdcələrin zəruri xərclərinin ödənilməsi üçün gəlir mənbələrini təsbit etmək yolu ilə bələdiyyələrin büdcələrini formalaşdırırlar. Yerli büdcələrin mədaxil hissəsi Azərbaycan Respublikasımn Dövlət büdcəsi qəbul edilərkən müvafiq bələdiyyələr üzrə hər il nəzərdə tutulur. Əgər minimum yerli büdcənin mədaxil hissəsi göstərilən gəlir mənbələri hesabına təmin edilə bilmirsə, onda Azərbaycan Respublikasının dövlət orqanları Azərbaycan Respublikası Dövlət büdcəsinin digər gəlir mənbələrini bələdiyyələrə verə bilərlər və bu zaman yerli büdcələrin əvvəlki ildən keçən sərbəst qalıqları hesaba alınmır.

Bələdiyyələr onların məşğuliyyət dairəsinə aid edilmiş sahələrdə əhalinin əsas yaşayış tələbatının ödənilməsini dövlət sosial standartlarından aşağı səviyyədə təmin edə bilməzlər. Bu standartların yerinə yetirilməsində dövlət Azərbaycan Respublikası vergilərinin və ayırmalarının müəyyən hissəsini yerli büdcələrin mədaxilinə təsbit etmək yolu ilə bələdiyyələrə kömək göstərə bilər.

Bələdiyyələr tərəfindən ayrı-ayrı dövlət səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti hər il Azərbaycan Respublikasının Dövlət Büdcüsində nəzərdə tutulur. Azərbaycan Respublikası dövlət orqanlarının qəbul etdikləri qərarlar nəticəsində bələdiyyənin məxarici artıb mədaxili azalarsa, qərar qəbul etmiş orqanlar kompensasiya ödəyirlər. Kompensasiyanın məbləği müvafıq qərarın qəbul olunması ilə bir vaxtda müəyyənləşdirilir. Bələdiyyələrin əlavə xərclərinə səbəb olan dövlət orqanlarının qərarlarını bələdiyyələr onlara kompensasiya kimi verilmiş vəsait həddində həyata keçirirlər.

Yerli vergiləri, ödənişləri, habelə onların ödənilməsi üzrə güzəştləri bələdiyyələr Azərbaycan Respublikasının qanunlarına uygun müəyyənləşdirirlər. Bələdiyyələr qanunvericilikdə nəzərdə tutulmuş qaydada məqsədli layihələrin maliyyələşdirilməsi üçün rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfındən ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edə bilərlər. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə məqsədli büdcədənkənar fondlar yarada bilərlər. Belə fondlar məqsədindən asılı olaraq müddətli və müddətsiz olur. Müddətli büdcədənkənar fondlar, adətən, konkret problemin həlli məqsədi ilə yaradılır və həmin problemin həlli başa çatdıqdan sonra onların fəaliyyəti dayandırılır. Müddətsiz büdcədənkənar fondlar isə çox hallarda, yerli sosial müdafiə və sosial inkişaf məsələlərinin müəyyən istiqamətləri üçün nəzərdə tutulur (məsələn, yerli büdcədənkənar su fondu və s.).12

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bələdiyyələr bələdiyyə lotereyaları buraxa, kreditlər alıb-verə bilər, bələdiyyə bankları və digər maliyyə-kredit idarələri yarada bilərlər.

Yerli vergilər və ödənişlər.

Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminini tərkib hissəsidir.Yerli vergilər “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. Bu ödənişlərin hüquqi və fiziki şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır.

Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materilalları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Vergi ödəyicisi – qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir.

Yerli vergilərə aşağıdakılar aiddir :


  • fiziki şəxslərdən torpaq vergisi ;

  • fiziki şəxslərdən əmlak vergisi ;

  • yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüsək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi ;

  • bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi.

İnkişaf etmiş ölkələrin, xüsusilə ABŞ, Böyük Britaniya, Fransa və Rusiya kimi dövlətlərin təcrübəsi göstərir ki, yerli büdcələrin yaradılmasında və inkişaf etdirilməsində əmlak vergisi xüsusi yer tutur. Məhz bu təcrübəyə söykənən Azərbaycan qanunvericiliyində sözügedən məqama geniş yer verilib. Bələdiyyələrin maliyyəsinin hüquqi əsaslarını təşkil edən qanunlarda fiziki şəxslərdən əmlak vergisi yerli vergilərin tərkib hissəsi kimi qeyd olunur. Bununla yanaşı “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda fiziki şəxslərdən əmlak vergisini hesablamaq məqsədi ilə bələdiyyələrə 3-5 ildə bir dəfədən çox olmamaq şərti ilə əmlaka vergiqoyma məqsədləri üçün onun yenidən qiymətləndirilməsi barədə qərar çıxarmaq hüququ da verilib.

Yerli ödənişlərə aşağıdakılar aiddir :



  • bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş ;

  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş ;

  • bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş ;

  • bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada şərti maliyyə vahidinin 1 mislindən çox olmamaqla müəyyən edilir ;

  • bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada şərti maliyyə vahidinin 0,1 mislindən çox olmamaqla müəyyən edilir.

Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edilə bilər.

Tikililər və onların hissələrinə görə fiziki şəxslərdən əmlak vergisi hesablamaq məqsədilə bələdiyyələr 3-5 ildə bir dəfədən çox olmamaq şərtilə, ərazilərində yerləşən müvafiq əmlakın vergiqoyma məqsədləri üçün qiymətləndirilməsi barədə qərar qəbul edirlər. Əmlakın qiymətləndirilməsi üzrə əməliyyatlar bələdiyyələrin vəsaiti hesabına maliyyələşdirilir. Bu dəyər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalar əsasında müəyyənləşdirilir. Əmlakın dəyəri fiziki şəxsin təşəbbüsü ilə və onun hesabına müstəqil peşəkar qimətləndiricilər tərəfindən hesablana bilər.

Yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. Zəruri hallarda yerli vergi və ödənişlərin yığılmasına və onlardan istifadə edilməsinə nəzarət məqsədilə bələdiyyələrin qərarına əsasən müvafiq yoxlamaların aparılması üçün müstəqil auditorlar cəlb oluna bilər. Bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir.Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxılır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər.

3.2 Bələdiyyələrin torpaq və su təsərrüfatı sahəsində idarəçiliyi


Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyyat fondunda olan torpaqlara bölünür.

Bələdiyyə torpaqlarının idarəedilməsi aşağıdaki prinsiplərə əsaslanır:



  • torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasının yolverilməzliyi

  • torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması

  • torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi

  • torpaqlardan haqqı ödənilməklə istifadə edilməsi

  • müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır:

  • bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək

  • bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək

  • yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planinin hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək

  • bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq

  • bələdiyyə ehtiyacları üçün torpaq sahələrini qanunvericiliklə müəyyən edilmiş qaydada geri almaq

  • bələdiyyə torpaqlarınım mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək

  • hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək

  • bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mükiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq

  • bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək

  • bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı məsələləri həll etmək

  • öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək

Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etməklə istifadəyə və icarəyə verilir. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikası torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada torpaqayırma sənədləri hazır olduqdan sonra torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır.

Bələdiyyə torpaqlarında yerləşən yerli əhəmiyyətli yeraltı və yerüstü suların tənzimlənməsi, istifadəsi, mühafizəsi, habelə suların vurduğu zərərin qarşısının alınması ilə əlaqədar tədbirlər bələdiyyələrin su təsərrüfatı adlanır. Bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində olan yerli əhəmiyyətli su təsərrüfatı obyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir. Su təsərrüfatı obyektləri üzərində bələdiyyə mülkiyyəti aşağıdakı şərtlərlə yaradıla bilər:



  • dövlət mülkiyyətində olan yerli əhəmiyyətli su təsərrüfatı obyektlərini bələdiyyə mülkiyyətinə verməklə

  • bələdiyyə tərəfindən yeni su təsərrüfatı obyektləri yaratmaqla

  • hüquqi və fiziki şəxslərin mülkiyyətində olan su təsərrüfatı obyektlərini əqdlər əsasında bələdiyyə mülkiyyətinə almaqla

Bələdiyyələrin su təsərrüfatı obyektlərinin idarə olunması bələdiyyələrin özləri və ya onların yaratdıqları su təsərrüfatı müəsisələri tərəfindən həyata keçirilir. Bələdiyyələr tərəfindən yaradılan su təsərrüfat müəsisələri bələdiyyələrin tabeşiliyində olan hüquqi şəxsdir, istehsal (təsərrüfat) hesabı əsasında fəaliyyət göstərir. Bələdiyyələrin su təsərrüfatı obyektləri bələdiyyələrin su təsərrüfatı müəsisələrinin daimi idarəçiliyinə verilir. Bələdiyyələrin su təsərrüfatı sistemləri və qurğularının, su qoruyucu meşə zolaqlarının qorunub saxlanması bələdiyyələr tərəfindən həyata keçirilir.

3.3 Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət


Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət – bələdiyyələr, bələdiyyə orqanları və onun vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Bələdiyyərin fəaliyyətinə inzibati nəzarət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasindan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununundan, bələdiyyələrin fəaliyyətini tənzimləyən digər qanunlardan və normativ-hüquqi aktlardan ibarətdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının Prezidentinin 12 iyul 2000-ci il fərmanına əsasən yaradılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodiki Yardım Mərkəzi həyata keçirirdi. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2004-cü il fərmanına əsasən orqanın adı dəyişdirilərək Bələdiyyələrlə İş Mərkəzi adlandırıldı. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərancamlarını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyininin əmrlərini, digər normativ hüquqi aktları və 12 iyul 2000-ci il fərmanı ilə təsdiq edilmiş Əsasnaməni rəhbər tutur. Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyərin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin aşağıdakı şərtləri var:

  • Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş qaydada və hallarda həyata keçirilir.

  • Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir.

  • Qanunvericilik və icra hakimiyyətləri tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq bələdiyyələrə verilən əlavə səlahiyyətlərin həyata keçirilməsinə nəzarəti həmin hakimiyyətlər inzibati nəzarəti həyata keçirən orqana həvalə edə bilərlər.

  • İnzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz.

  • İnzibati nəzarət həyata keçirilərkən bələdiyyələrin fəaliyyətinə edilən müdaxilə qanunda nəzərdə tutulan məqsədə mütənasib olmalıdır.

İnzibati nəzarət icraatın başlanması üçün əsaslar aşağıdakılardır:

    1. bələdiyyələrin normativ aktlarının; dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktların; bələdiyyələrin mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların; birdəfəlik yerli vergilərin və rüsumların tətbiqi barədə aktların; bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların; yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarların; Azərbaycan Respublikasının normativ hüquqi aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda;

    2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının müraciəti daxil olduqda.

Qeyd edək ki, inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərilməlidir

Yuxarıda göstərilən müraciət ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verilə bilər. İnzibati nəzarəti həyata keçirən orqan müraciətə daxil olduğu andan 15 gün müddətində, əlavə araşdırmalar tələb olunursa, 30 gün müddətində baxır. Müraciətə baxılması müddətinin uzadılması barədə ərizəçiyə dərhal məlumat verilməlidir.

İnzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə dair aşağıdakı iki qərardan birini qəbul edir :


  1. aşağıda göstərilmiş icraata başlayır

  2. müraciətə baxmaqdan imtina edir və bu barədə müvafiq şəxsə və ya orqana əsaslandırılmış yazılı cavab göndərir.

İnzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edə bilər. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 15 gün ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidir. İnzibati nəzarəti həyata keçirən orqan ona təqdim olunmuş müraciətə baxarkən zəruri hallarda yerində araşdırmalar apara bilər. Bu cür araşdırmalar aparılmasına bələdiyyələr tərəfindən maneə törədilməlidir. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanuna zidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin 15 gün müddətində dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə müvafiq bələdiyyəyə müraciət edir.

İnzibati nəzarəti həyata keçirən orqan yuxarıda göstərilən hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının Azərbaycan Respublikasının normativ-hüquqi aktlarına zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir.

İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə o, 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə bu cür araşdırmalar aparılmasına bələdiyyələr tərəfindən maneə törədilməməlidir. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanuna zidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin 15 gün müddətində dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə müvafiq bələdiyyəyə müraciət edir. İnzibati nəzarəti həyata keçirən orqan bələdiyyə aktının Azərbaycan Respublikasının normativ-hüquqi aktlarına zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə o, 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verməlidir.

Hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv edilməsini və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Bu təklif 3 gün müddətində yerinə yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət edir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir.

Bələdiyyənin fəaliyyətində cinayət aşkar etdikdə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq tədbirlər görülməsi üçün səlahiyyətli dövlət orqanına müraciət edə bilər.

İnzibati nəzarəti həyata keçirən orqan hər ilin sonunda öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məruzə təqdim edir. Bu məruzədə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı təkliflər verə bilər.

Təhlil göstərir ki, 2004-cü il ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin hayata keçirilməsi ilə əlaqədar bələdiyyələrin işinin müxtəlif istiqamətlərini əks etdirən 2.379 bələdiyyə aktına baxılmış, qanunvericiliyin tələblərinə uyğun olmadığından onlardan 445-nin dəyişdirilməsi və ya ləğvi barədə həmin aktları qəbul etmiş bələdiyyələrə müraciət olunmuş, bələdiyyələr tərəfindən artıq həmin aktlardan 200-ə qədəri ləğv edilmiş və ya dəyişdirilmişdir. Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzinin icraatına özündə inzibati nəzarət icraatına başlamaq tələbini əks etdirən 600-dən çox müraciət daxil olmuş, aparılmış araşdırmalar nəticəsində 94 bələdiyyə aktı ləğv edilmiş, 4 akt isə dəyişdirilmişdir.13 Bundan başqa 6 bə­lə­diy­yəyə qar­şı ci­na­yət işi­nin açıl­ması üçün pro­ku­ror­luq or­qan­la­rına mü­raciət­lə­rin edil­mişdir.14

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı ümumiləşdirmələr apara və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edə bilər. Bu təklif və tövsiyələr bələdiyyələrin iclaslarında müzakirə olunur və müvafiq qərar qəbul olunur. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin qanuna zidd qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına-Azərbaycan Respublikası Nazirlər Kabinetinə15 və ya məhkəməyə qanunla müəyyən edilmiş qaydada şikayət verilə bilər.

:

referatlar -> huquq
huquq -> İsmayıllı İlkin Qrup: 402
huquq -> Psixi proseslərin sistemi. Duyğu və qavrayış
huquq -> Mülki hüququn predmeti və prinsipi
huquq -> İsmayıllı İlkin Qrup: 402
huquq -> Lisenziyalarla mübadilə üzrə beynəlxalq möqavilələrin növləri və məzmunu
huquq -> Mülkiyyət hüququnun əldə edilməsi üsulları
huquq -> İsmayıllı İlkin Qrup: 402
huquq -> “ azərbaycan hava yollari ”
huquq -> Əmək mübahisələrinin anlayışı və növləri


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ijtimoiyyondashuvtamoyili.html

ijun-2018-ci-il---45-48-4.html

ik--cacaq--xaq-----ik--.html

ik-i-a-ti-trin-j--.html

ik-veysel-atirolu.html